Rafael Ağayev. Bu adın təqdimata ehtiyacı yoxdur. Azərbaycanlı karateçi uğurları ilə dünyaya səs salıb.

İdmanın şahı olan futbolda belə konkret ən yaxşının kim olduğunu söyləmək çətindir. İndiki dövrdə bəziləri üçün Messi, başqaları üçün Ronaldo bu adın sahibidir. Karatedə isə 21-ci əsrin ən yaxşısı Rafael Ağayevdir. Bu, təkcə azərbaycanlılar üçün belə deyil. Təsadüfi deyil ki, idmançımızı "Karatenin Maradonası", "Qara brilliant" adlandırırlar.

Dünən qarşıma bir video çıxdı. Həmkarımız Mirələm Həsənli Rafael Ağayevlə müsahibə götürürdü. 1 dəqiqəlik video məni dərindən kədərləndirdi. Tatamidə rəqiblərini zərbələri ilə incidən Rafael küskün, incimiş görünürdü.

"Qara brilliant" Azərbaycan Karate Federasiyasındakı vitse-prezident vəzifəsindən istefa verəcəyini açıqladı:

"Mən ancaq bu vəzifəyə təyinatımı xatırlayıram. Təəssüflər olsun ki, həmin tədbirdən sonra 7-8 aydır ki, iclaslar olur və dəvət olunmuram. Ayın axırı vəzifəmdən istefa verərək ayrılacaq. Səbəblər çoxdur. Amma ayrılmağı qərar vermişəm. Orada kim varsa, hamıya uğurlar arzu edirəm. Başımı aşağı salaraq məşqimi edəcəm. Bu aylar ərzində mənə deyilməyib ki, bu işləri görməlisən. Özümü tərifləmirəm. Karate deyiləndə dünyada və Azərbaycan ağla gələn ilk idmançılardanam. Düşünürəm ki, müsbət enerjimi verə bilərdim. Lakin hansısa iş verilmədi ki, mən də nəsə görəm".

Rafael Ağayevin bu açıqlaması Karate Federasiyasının fəaliyyətsizliyinin sübutu, orada çalışan əsas şəxslərin iş bilməzliyinin isbatıdır. Bunun başqa adı yoxdur. Kimsə deyə bilər ki, Rafael Ağayev vitse-prezident olaraq təkliflər irəli sürməli, idmanın bu növünün inkişafı üçün nələrsə etməli idi. Amma bu, doğru yanaşma deyil. Həyatının çox hissəsini məşqlərdə, yarışlarda, turnirlərdə keçirən birindən ideal idarəçi olmağı gözləmək sadəlövlükdür. Ağayev bu müddət ərzində vitse-prezident olaraq federasiyadakıların köməyi ilə formalaşmalı idi. Lakin onlar "Karatenin Maradonası"nı proseslərdən kənar qoymağı vacib biliblər. Niyə? Nə üçün? Bu, düşündürücü sualdır.

Maraq üçün Azərbaycan Karate Federasiyasının rəsmi saytına daxil oldum. İdarə heyətində bölməsində prezident Ülvi Quliyevin adı qeyd olunub. Həmin məqalədə Füzuli Musayev, Fərid Əsgərov, Rəhman Hətəmov, Allahverdi Rüstəmov vitse-prezident olaraq göstərilib. Lakin burada Rafael Ağayevin adı yoxdur. Məsələ aydındır. Federasiya başbilənləri heç vaxt "Qara Brilliant"ın idarəçi olaraq formalaşmasını istəməyiblər. Kağız üzərində vəzifə isə ictimaiyyətdə müsbət imic formalaşdırmaq üçün verilib. Bu qədər sadə. Niyə kimsə özündən daha məşhur, daha yaxşı olanın irəliləməsinə şərait yaratsın ki? Oturublar da isti yerlərində.

Mən şəxsən İdarə Heyətində yer alanlardan ancaq prezident Ülvi Quliyevi tanıdım. Onun da deputat olaraq fəaliyyətinə bələdəm. Digərlərini isə şəxsən tanımıram. Məni qınamayın. Guya kimsə yuxarıda qeyd etdiklərimi tanıyır ki? Amma Rafael Ağayevi bütün dünya bilir və sevir.

Hər şey çox sadə və anlaşılandır. Federasiyanın başbilənləri Rafaelin ofsayda salınması üçün əlindən gələni etməli idi. Karateçimiz isə həmişəki kimi cəld tərpənərək son zərbəni endirdi. İstefa verəcəyini açıqlayaraq Karate Federasiyasını nokauta saldı...