EN

“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana ekstradisiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bir həftə müddətinə dayandırılıb. Bu barədə Gürcüstan Sosial Ədalət Mərkəzinin rəhbəri, Sadıqovun hüquqi müdafiəsini həyata keçirən Tamta Mikeladze Facebook-da yazıb.

Onun sözlərinə görə, dekabrın 10-da Sosial Ədalət Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsini məhkəmə reqlamentinin 39-cu qaydasına uyğun olaraq "müvəqqəti tədbir"dən istifadə etməyə və Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmağa çağırıb.

Sözügedən mexanizmdən hüquqların pozulması riskinin yüksək və geri dönməz olduğu, dövlətlərin konvensiyaya qarşı hərəkətlərini dayandırmağın lazım gəldiyi hallarda istifadə olunur.

Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsinin iclasında Sadıqovun ekstradisiyası barədə qərarın təsdiq edilməsi ehtimalı ilə əlaqədar bu müraciət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Avropa İnsan Hüquqları Məhkəməsi təşkilatın xahişini təmin edib və Sadıqovun ekstradisiyası ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan Tbilisi Apellyasiya Məhkəməsinin qərarından sonra 7 gün ərzində Sadıqovun ekstradisiyasını qadağan edib.

Sosial Ədalət Mərkəzi Apellyasiya Məhkəməsinin qərarı barədə Avropa İnsan Hüquqları Məhkəməsini məlumatlandırıb və müvəqqəti tədbirin qüvvədə olma müddətinin uzadılmasını, Strasburq məhkəməsi bu iş üzrə  yekun qərar qəbul etmədən əvvəl Sadıqovun verilməsinin qarşısını almağı xahiş edib.

* Əfqan Sadıqov təqiblərdən ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu  Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Sadıqov Azərbaycanın sorğusu əsasında həbs edilib. Bakıda onu hədə yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər. Həbs olunmasına və ona sığınacaq verilməsindən imtina edilməsinə etiraz edərək sentyabrın 21-dən aclıq edib.

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və həbsxana xəstəxanasına köçürülüb. Gürcüstan hakimiyyəti ona  siyasi sığınacaq verməkdən imtina edib.

Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib.

Chosen
6
turan.az

1Sources