Bakı, 16 yanvar, AZƏRTAC
Ötən həftə Kubanın şərqində yerləşən Olqin əyalətində hərbi sursat anbarında baş verən partlayış nəticəsində 13 əsgər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd edilir ki, araşdırma və təhlillərin nəticələrinə görə, hadisə yerində sağ qalan olmayıb. Partlayışa anbarın içərisindəki elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu güman edilir.
Qeyd edək ki, yanvarın 7-də Rafael Freyre bələdiyyəsinin Melones yaşayış məntəqəsi ərazisində yerləşən sursat anbarında güclü partlayış baş verib. Müdafiə Nazirliyinin məlumatına görə, son dərəcə çətin relyef, zəhərli qazların yığılması, binanın konstruksiyasında ciddi zədələnmələr və dağılma riski səbəbindən hələlik hadisə yerinə giriş qeyri-mümkündür.