EN

Nazir Baytarlıq elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub - FOTOLAR

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna baş çəkib, institutun fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə institutun strukturu, fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat proqramları, kadr potensialı, mövcud təsərrüfat sahələri, təcrübə stansiyaları, ting istehsalı, yüksək məhsuldar üzüm əkin materiallarının çoxaldılması, elmi-tədqiqat işlərinin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub.

Hazırda üzümçülük və şərabçılığın Azərbaycan iqtisadiyyatında prioritet bir sahə olması, üzümçülüyün təşkili, istehsal olunan məhsulların istehlak bazarına çıxarılması, ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Nazir Məcnun Məmmədov institutda fəaliyyət göstərən mikroşərabçılıq, Calaq Mərkəzi, şərab zirzəmisi, tinglik əkin materialları, “Qarabağ guşəsi”, akkreditasiyadan keçmiş, tam təchizatla fəaliyyət göstərmək imkanları olan fiziki-kimyəvi analizlər və genetika laboratoriyası, onların iş prinsipi və tətbiq olunan yeni üsullarla tanış olub, öz tövsiyələrini verib. 

Qeyd edilib ki, institutda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institut öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir. Nazir Məcnun Məmmədov Qarabağın nadir və yerli üzüm sortlarının çoxaldılması istiqamətində icra olunan layihələr, sortların molekulyar genetik təmizliyinin araşdırılması və OİV deskriptorları üzrə göstəricilərinin müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla tanış olub. Görüş zamanı əməkdaşların təklifləri dinlənib, tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Daha sonra nazir Məcnun Məmmədov Baytarlıq Elmi Tədqiqat İnstitutunun (BETİ) inzibati binası, şöbələri, laboratoriyaları və baytarlıq klinikasının fəaliyyəti ilə yaxından tanış olub, BETİ-nin nəzdində fəaliyyət göstərən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyasında institut əməkdaşları tərəfindən hazırlanmış baytarlıq preparatları və diaqnostikumlarının istehsalı prosesini izləyib. Görüş zamanı nazir institutun elmi fəaliyyəti ilə, icra olunan mövzularla maraqlanıb, əməkdaşlarla görüşüb. Görüşdə institutun elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat işlərin icra vəziyyəti, institutun maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriya və şöbələrin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin özəl fərdi heyvandarlıq təsərrüfatlarında tətbiqi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi ən mühüm prioritetlərdən sayılır. Elmi potensialdan, müasir yanaşmalardan  səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir. 

Daha sonra nazir əməkdaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Əməkdaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb, nəzarətə götürülüb.

Qeyd olunub ki, institutda aparılan elmi tədqiqat işləri, mövzular  respublikamızda heyvandarlığı narahat edən xəstəliklərə uyğun olmalı, institut öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.

Chosen
6
50
unikal.az

10Sources