EN

Göytürklərin (VI-VIII əsrlər) inancları- YUNUS OĞUZ yazır

Göytürklərin əsas məşğuliyyəti heyvandarlıq idi. Onlar keçi, qoyun, at, dəvə saxlayıb çoxaldırdılar. Heyvanların dərilərindən paltar tikir və çadır hazırlayır, yunundan isə sap əyirirdilər. Heyvandarlıqla yanaşı ov türklər üçün böyük əhəmiyyət kəsf edirdi. Kütləvi ovetmə türklərin döyüş taktikasını və strategiyalarını təkmilləşdirdi. Türklərə ta qədimdən çoxarvadlılığa icazə verilirdi. Bu da onların temperamenti, dünyagörüşü və həyat şəraiti ilə bağlı idi. Qadınlara hörmətlə yanaşılırdı və ərindən asılı olmasına baxmayaraq, onlar hüquqsuz deyildilər. Adət-ənənələri əsasən qadınlar qoruyub saxlayır və onlara çox ciddi yanaşırdılar. Tayfada qızları və gəlinləri zorlama ağır cinayət sayılırdı. Əgər kimsə evli qadını zorlayardı ona ölüm hökmü verirdilər. Əgər qız zorlanıbsa zorlayan şəxs dərhal onunla evlənməli idi.

Türklər heç zaman qatı dindar olmayıblar. Onlar ərəblər və farslar kimi dinə fanatizm səviyyəsində yanaşmayıblar.

Qədim türklər torpağı, ağacı, metalı, odu və suyu ilahiləşdirir və özlərini “göytürklər” adlandırırdılar. Onların ilahiləşdirilmiş beş kultdan ən sevimlisi dəmir idi. Türklərin bütün əfsanələrində buna bu və ya digər şəkildə rast gəlmək mümkündür.

Avrasiya çölünün və səhrasının ümumi dini isə Tanrı idi. Qədim türklərin dini dünyagörüşləri mükəməl konsepsiyaya əsaslanırdı. Bu dinin başında duranların xana, yaxud xaqana böyük təsiri vardı. Tanrıçılıqla yanaşı Böyük səhrada şamançılıq da mövcud idi. Tanrıçılığın mahiyyətini bilməyən alimlər onu çox zaman şamançılıqla eyniləşdirirlər. Bu düzgün deyil.

Qədim türklərin baxışlarına görə yer üzərində nə varsa, hamısı Tanrının hakimiyyəti altındadır. Tanrı kainatda “Göy ruhu”nun yaradıcısıdır. Dünyada baş verənlərin hamısını o müəyyənləşdirir və insanların taleyi Ondan asılıdır. İnsanın ömür yolunu və nə qədər yaşayacağını da O təyin edir. Lakin insan doğuluşunu Umay, ölümünü isə yeraltı dünyanın ruhu Erlik idarə edir. Göy Tanrı Gözəgörünməzdir, materiya şəklində deyil və gözlə görünən göylə ziddiyyət təşkil edir.

Tanrıya itaət və ibadət etmək üçün dizlərini yerə qoyub, əllərini göyə qaldırmalısan. Bu ona görədir ki, Tanrı dua edənə sağlam şüur, sağlam bədən versin və yaxşı işlərdə ona kömək göstərsin. O, xaqana müdriklik və hakimiyyət, xalq bəxş edib, xaqan əleyhinə gedənlər isə cəzalandırılır. Xaqanda bozqurd keyfiyyətləri olmalıdır. Bu keyfiyyətlərin köməyi ilə o bütün türk tayfalarını birləşdirməli və ordu da onların başında durmalıdır. Xaqanın əsas məqsədi təkcə xalqı yedizdirmək və geyindirmək olmamalıdır. O, həm də türklərin böyüklüyünü və şöhrətini göylərə qaldırmalıdır. Qədim türklər ildə iki dəfə Günəşə – işığa qurban verirdilər. Payızda və yanvarın sonunda Günəş dağın zirvəsini ilk dəfə tam işıqlandırdığı zaman qurbanlar kəsilirdi. Bu da onunla izah olunurdu ki, Günəş – işıq Tanrının köməkçisidir. Onlarda döyüş meydanında qəhrəmanlıqla həlak olan əcdadlarının da kultu var idi. Bu qəhrəmanlara daş plitələrdən ibarət abidələr ucaldılır, daşlara yazılar yazırdılar. Belə hesab edirdilər ki, insan fiziki bədənin qayğısına qalmaqla yanaşı, ruhunu da daim qidalandırmalıdır. Bu qidalanma isə əcdadların ruhlarının enerjisi ilə olmalıdır. Ona görə də, onlar əcdadlarının qəbirləri üzərində daş abidələr ucaldır və qurban verirdilər. Belə abidələrə Altaydan tutmuş Dunaya qədər bütün ərazilərdə rast gəlmək olardı. Bu adət hər bir türkü yeddi nəsil əcdadını tanımağa məcbur edirdi. Bundan başqa türklər inanırdılar ki, əcdadların ruhları göydən onların hər birinin əməllərini izləyir. Yalan və xəyanət qədim türklərdə qəbuledilməz idi və belə hesab edirdilər ki, bu cür hərəkət edən insan yaşamağa və nəslini artırmağa layiq deyil. Belə təlim milləti çürüməkdən qoruyurdu.

Qədim türklər oda hörmət edir və belə hesab edirdilər ki, od düşmən ruhları qova bilir. Hətta xaqanın yanına gələn elçiləri əvvəlcə alovdan keçirir, odun köməyi ilə onları şərdən azad edirdilər. Onların totemləri qurd hesab olunurdu və belə hesab edirdilər ki, qurd onların əcdadıdır.

Qədim türklər azadlığı hər şeydən üstün tuturdular. Lakin onlar bunu şəxsi azadlıqda və istədikləri hər şeyi etməkdə görmürdülər. Əksinə, onlar üçün azadlıq bütövlükdə və qəbilənin nizam-intizamında idi. Buna görə də azadlıqlarını və torpaqlarını hər zaman müdafiə etməyə və uğrunda ölməyə hazır idilər. Başqa xalqlar arasında yaşamaqla bu birlik onlara rahatlıq gətirirdi. Bu ideyaya inam onları çox vaxt ən çətin vəziyyətdən çıxara bilirdi. Düşməni dəf etmək üçün yürüşə hazırlaşan türk tayfaları birləşərək Orda yaradırdılar. Ordaya ən güclü tayfa, yaxud seçilən rəhbər başçılıq edirdi. Orda tədricən dövlətə çevrilərək xanlıq adlanmağa başlandı. Xanlıqlar isə xaqanlıqda birləşdilər. Onlar öz dövlətlərini “El”, yaxud “Əbədi El” adlandırırdılar. Tayfaların daim Ordada birləşməsi tələbatı və dövlətin yaranması onların əsas ideyası idi. “Əbədi Elə can atma” qədim türklərin bütün tarixində qırmızı xətlə keçir. Məhz buna görə də onlarla imperiya və dövlət yaratmışdılar. Türk xaqanlığında yazı mövcud idi və əlifbadan istifadə edirdilər. Onlar İslam dinini qəbul etdikdən sonra ərəb əlifbasına keçdilər və əvvəllər işlətdikləri əlifba tədricən yaddan çıxmağa başladı. XIX əsrin sonlarında bu əlifba ilə olan yazılar arxeoloqlar tərəfindən yenidən tapıldı və “Orxon-Yenisey” yazısı adını aldı. Məhz orada ilk dəfə daş kitabələr tapılmışdı. Bu əlifba uzun müddət qədim türk tayfaları tərəfindən istifadə olundu. Qərbi Avropadan tutmuş Qərbi Sibirə qədər, Cənubi Qafqazda hələ də türk əlifbası ilə yazılan daşlara rast gəlmək olur.

Aşina sülaləsi dövlət yaratdı və türklər bu dövləti “Əbədi El” adlandırdılar. Ölkə böyük idi və bu ölkəni idarə etmək üçün müvafiq qurumlar yaradıldı. Sosial-siyasi sistemin mərkəzində Orda dayanırdı. Ordunun şərq cinahı tolos, qərb cinahı tarduş adlanırdı. Tayfa başbuğlarının öz qoşunları vardı və and içməklə seçilən xaqana sədaqətlərini bildirirdilər. Hakimiyyətə namizəd başbuğların qurultayında təsdiq olunurdu. Seçilən xaqan başbuğlar, yaxud bəylərlə daim dostluq münasibətləri saxlayırdı. Yaxşı xaqan həmişə vətəni, döyüşçüləri haqqında fikirləşməli idi.

Əldə olunan qənimət, yaxud alınan xərac sıravi döyüşçülər və bəylər arasında bölüşdürülürdü. Müəyyən bir qisim isə xaqana çatırdı. Döyüşçülərin sədaqəti imkan verirdi ki, xanalar və xaqan əllərində böyük sərvət cəmləsinlər.

Tüklərin ordusu ağır və yüngül süvarilərdən təşkil olunmuşdu. Seçilmiş süvarilər səhra və dağlarda döyüş qabiliyyətinə malik idilər. Döyüşçünün geyimi papaqdan və zirehdən ibarət idi. Baş geyiminə metal plastik bağlanır, onun da üstündən qəhvəyi-qırmızı dəri çəkilirdi. Döyüşçülərin geyindikləri xalatların yaxalığı dik durur və çənənin altına qədər uzanırdı. Onlar dəridən tikilmiş şalvar və uzun boğaz çəkmələr geyinirdilər. Düşmənin qorxulu röyası olan ağır geyimli süvarilər daha böyük manevr qabiliyyətlərinə malik idilər. Türklər arasında kasıbçılığın əlaməti onun atının olmaması idi. Hər döyüşçü özü ilə üç-dörd at götürürdü. Bu onlara imkan verirdi ki, uzaq məsafələri sürətlə qət etsinlər və döyüş öncəsi yorulmuş atı yenisi ilə əvəz etsinlər.

Chosen
3
6
veteninfo.az

7Sources