Putin-Pezeşkian görüşü və sazişi bölgədə yeni vəziyyət yarada bilər; politoloq: “Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da ciddi xarakter almasına səbəb olacaq”
Rusiya və İran prezidentləri bu gün- yanvarın 17-də danışıqlar aparacaq. Görüş zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Rəsmi məlumatlardan belə aydın olur ki, yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə daha da kəskinləşən münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.
Saziş 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Onu da xatırladaq ki, Azərbaycanın hər iki ölkə ilə münasibətlərində son aylarda müəyyən gərginlik yaranıb. Bu mənada Tehran-Moskva strateji tərəfdaşlığı Azərbaycan üçün də müəyyən risklər yarada bilər.
Rusiya və İranın son vaxtlar Azərbaycanla münasibətlərinin soyuqlaşması fonunda imzalanacaq sənəd daha çox diqqət çəkir. Belə bir durumda regiondakı vəziyyət də diqqətdən kənarda qala bilməz. Üstəlik, Ermənistanın qabağa düşərək ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalamasından sonraya təsadüf edəcək Tehran-Moskva yaxınlaşması İrəvan üçün də hansısa sürprizlər vəd edə bilər. ABŞ-la imzalanan sazişdən sonra Kremldən Ermənistana xəbərdarlıq edilməsi, İrəvanın isə Rusiya dövlət televiziyasındakı reportaja görə Moskvaya nota verməsi də maraqlı gedişatdır. Amma bizi daha çox ölkəmizin milli maraqları maraqlandırır. Bu mənada hesab olunur ki, Azərbaycan və Türkiyə qarşıdakı dönəmdə hansı addımlar atmalı olacaq. Şuşa Bəyannaməsindən irəli gələn qərarların qəbulu da müzakirə mövzusudur.
Fakt budur ki, Rusiya artıq Cənubi Qafqazda yeganə dominant və həlledici amil də deyil, Türkiyə də buradadır. Azərbaycan da Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya-İran əməkdaşlığı həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin yaxınlaşmasını bir qədər də gücləndirəcək. İran-Rusiya əməkdaşlığı daha çox qlobal güclərə, yeni geosiyasi vəziyyətin yaranmasına qarşı atılan zəruri addımlardır. Bu barədə ekspertlər “Yeni Müsavat”a maraqlı fikirlərini açıqladılar.
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan ötən dövrdə həm İranla, həm də Rusiya ilə əlaqələrinin inkişafı üçün davamlı olaraq səylər göstərdi: “Ancaq təəssüflə qeyd etmək lazımdır, bu səylər nə İran, nə də Rusiya tərəfindən düzgün dəyərləndirildi. İran davamlı olaraq ölkəmizə qarşı təxribat törətmək yolunu seçdi. Üzdə bir, altda başqa siyasət həyata keçirdi. Hətta bütün qırmızı xətləri keçərək səfirliyimizin əməkdaşı qətlə yetirildi. Münasibətlər nisbətən normallaşandan sonra yeni bir təxribat törətdi. Həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmən münasibətini bir daha ortaya qoydu. Artıq ictimaiyyətdə də belə fikirlər daha da qətiləşir ki, İran düzələn deyil”.
C.Məmmədov bildirdi ki, Azərbaycanı üçüncü qüvvələri regiona gətirməkdə günahlandıran İran bu gün Ermənistan-Avropa İttifaqı əməkdaşlığına, Ermənistanın Amerika ilə müttəfiqliyini gücləndirməsinə çox loyal yanaşır. Bu da öz növbəsində birmənalı qarşılana bilməz: “Rusiyaya gəldikdə, son təyyarə hadisəsi göstərdi ki, Moskva da Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirmir. Bu günə kimi də Rusiya Azərbaycan təyyarəsinin vurulmasıməsələsində səmimi deyil və hələ də günahkarlar cəzalandırılmayıb. Heç şübhəsiz ki, bu da cəmiyyətdə böyük hiddətlə qarşılanır”. Millət vəkili qeyd etdi ki, Rusiya Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət əsasında qurmalıdır, Azərbaycana qarşı belə mövqe sərgiləməməlidir: “Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiya ilə münasibətlərdə hər zaman səmimi olub. Rusiya bu məsələni və amili nəzərə almalıdır”. Azərbaycan nə etməlidir sualına gəldikdə, C.Məmmədov bildirdi ki, biz Türkiyə və Orta Asiya respublikaları ilə əməkdaşlığımızı daha da gücləndirməli və möhkəmləndirməliyik: “Prezident İlham Əliyevin rəhbərliyi ilə əslində ötən müddətdə bu istiqamətdə böyük məsafə qət edə bilmişik. Eyni zamanda Amerika Birləşmiş Ştatları ilə müttəfiqliyin qurulması istiqamətində addımlar atmalıyıq. Proseslərin təhlili onu söyləməyə əsas verir ki, Tramp administrasiyası da bu əməkdaşlıq və müttəfiqlikdə maraqlı olacaq. Burada Türkiyə faktoru da mühüm rol oynayır və gələcəkdə də rol oynamaqda davam edəcək”.
Qafar Çaxmaqlı
Politoloq, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə hesab edir ki, Rusiya ilə İran tale ortaqlarıdır və onlarınstrateji tərəfdaşlıq sazişini yeniləməsi təbii qəbul edilməlidir: “Amma zaman baxımından bu sazişin indi imzalanması və o sənədə yeni maddələrin əlavə edilməsi dünyada gedən proseslərin heç də bu, iki ölkənin xeyrinə dəyişməməsinin işarəsidir. Şübhəsiz ki, bu, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da ciddi xarakter almasına səbəb olacaqdır. Bu kontekstdə Ermənistanın bölgədə oynadığı rol da diqqətə alınacaq. Ermənistanın belə həssas məqamda Bayden hakimiyyətinin əvəzlənməsini gözləmədən, tələsik ABŞ-la strateji əməkdaşlıq müqaviləsi imzalaması, bu ölkənin suveren haqqı olsa da,Rusiya baş nazirinin müavinin ifadəsi ilə desək, "Titanik gəmisinə bilet almasıdır". Zənnimcə, nə İran, nə də Rusiya Ermənistanın bu siyasi “gedişini” həzm edəcək. Açıq görünür ki, Ermənistan Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması və İrana qarşı aparılan siyasətdə ABŞ-ın əlaltısına çevrilmək istəyir, guya ki, bu yolla ölkəsinin təhlükəsizliyinə qarantiya əldə etmiş olur. Amma bölgə siyasətinə uzun müddətdən bəri yön verən əsas siyasi aktyor Türkiyəni nəzərə almır. Türkiyə geosiyasi vəziyyətin onun əleyhinə olası bütün addımlara adekvat reaksiya verəcək və qarşıya qoyulan hədəfə doğru bir addım yaxınlaşma şansını əldə edəcək. Aydın məsələdir ki, Türk dünyasını birləşdirəcək enerji koridorunun açılması yolunda maneələr aradan qaldırılacaq".
Q.Çaxmaqlının sözlərinə görə, Zəngəzur məsələsində İranın “qırmızı çizgi”si artıq pozulmağa başlayıb və Ermənistan-İran münasibətlərinin gərginləşəcəyi fonunda proseslərin bizim xeyrimizə dəyişəcəyi ehtimalları güclənir. 10 noyabr 2020-ci bəyannaməsinin 9-cu maddəsini yerinə yetirməməkdə israr edən Ermənistana ABŞ hansı dəstəyi verə bilər? Q.Çaxmaqlı: “Orta dəhlizin işlək vəziyyətə gətirilməsinə maraqlı olan ABŞçətin ki, Ermənistanın provokasiyalarına uysun. Əksinə,Ermənistanın ABŞ-la bu müqaviləsi rəsmi İrəvanı konstruktiv sahəyə gətirməklə bağlı rol oynayacaq”.