Zaman-zaman Bakı metrostansiyalarında şüşə arakəsmələrin qoyilması ilə bağlı müzakirələr aparılır. Şüşə arakəsmələr sərnişinlərin təhlükəsizliyi, intihar cəhdlərinin azalması üçün daha vacibdir.
Bəs Bakı metrostansiyalarında şüşə arakəsmələrin mövcudluğu üçün şərait var?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Bakı metro tarixini vərəqləsək, görəcəyik ki, resylərin istismar müddəti Sovet İttifaqına dayanır. Bu zamanda stansiyaların həndəsi ölçüləri və dayaqların ümumi ölçüsü sərnişin axınının istiqamətləndirilməsini yüksək səviyyədə təmin edə bilmir:
"28 May", "İçərişəhər", "Sahil" stansiyalarının sərnişin tutumu ilə "Koroğlu", yaxud "Ulduz" stansiyasının sərnişin tutumu eyni deyil. Platformalarda vaqon qəbulunun ümumi olaraq 5 vaqon tipli olması sərnişin daşımada gərginlik yaradır. Müasir texnologiyanın tətbiqi olan şüşə arakəsmələri sıxlığın daha çox olduğu stansiyalarda tətbiq etmək bir o qədər asan deyil. Lakin sıxlığın az olduğu, orta dayaq sütunları icazə verilən sərnişin axınını təmin edə bilən stansiyalarda bunun tətbiqi mümkündür".
Ekspert qeyd edir ki, şüşə arakəsmələr sərnişinlərin təhlükəsiz şəkildə düşüb minə bilməsinə imkan yaradır.
Hazırda da metrodan istifadə edənlərin sayı çoxdur:
"Harasa tələsən, gecikən insanlar alternativ olaraq metrodan istifadə edirlər. Bu zaman onlar gərgin, stresli olurlar ki, bu da insanlarda özündən getmə, xəttə düşmə kimi ehimalları yüksək edir".
Aslan Əsədov: Sıxlıq az olan stansiyalarda bunun tətbiqi mümkündür
A.Əsədov vurğulayıb ki, birinci növbədə icazə verilən stansiyalarda şüşə arakəsmələrin olması, ikinci növbədə isə müasir və işəsalma siqnalzasiyaların olması vacibdir:
"Stansiyalarda olan sarı xətdə müəyyən işıq, səs siqnalzasiyaları hərəkət etsin. Platformanı tənzimləyən, metronu istiqamətləndirən maşinist köməkçisi də problemi səsucaldacı vasitəsilə deyil, bu yolla həll edə bilər ".
Nuriyyə Musayeva