EN

Deputat: 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir

Bakı, 18 yanvar, AZƏRTAC

20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindən Azərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədən planlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan haqlarını pozan cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirildi.

1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı. Sovet rəhbərliyi yüksələn xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. 20 Yanvar hadisələrindən sonra Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Həmin vaxt Azərbaycanın informasiya blokadasına alındığını xatırladan deputat deyib: “Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Hərtərəfli informasiya blokadası səbəbindən dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü - yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Ümummilli Lider 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ulu Öndər mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Nəticədə Azərbaycan xalqının qəlbində ümid çırağı yandı”.

V.Rəhimzadə vurğulayıb ki, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra həllini tapdı. Bu reallığı dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında belə xarakterizə etmişdi: “Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi”.

Deputatı bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Bu qərar Ümummilli Lider Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması oldu. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunurdu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin şəhidlərin xatirəsi əbədiləşdirildi. Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.

Vurğulanıb ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Qanlı faciədən 35 il keçməsinə baxmayaraq, xalqımız hələ də o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və cinayətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir.

“Bu gün bütün şəhidlərimizin ruhları şaddır. Azərbaycan şanlı Zəfərə imza ataraq tarixi ədaləti bərpa etdi. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın uğurlarından bəhs edirik. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Vaxtilə böyük inamla qeyd etdiyimiz “Tezliklə Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq” arzusunu bu gün “Tezliklə Böyük Qayıdış Proqramı uğurla başa çatacaq” çağırışı əvəzləyir. Tarixi sahibinə qayıdan Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar”, - deyə deputat bildirib.

Chosen
5
8
azertag.az

10Sources