EN

Tümər Mətindən Sərgən Yalçınla bağlı qalmaqallı etiraf

Türkiyənin tanınmış futbolçusu və şərhçisi Tümər Mətin Sərgən Yalçınla bağlı məzəli olacağını düşünərək danışdığı bir əhvalat sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

''Football-plus.az'' xəbər verir ki, Tümər qolsuz bərabərliklə bitən ''Beşiktaş'' - ''Samsunspor'' matçını ''Ərsin Düzənlə futbolun 100-ü'' verilişində müzakirə edərkən illər öncə Sərgənin öz oynadığı qarşılamaya pul qoyuluşu etdiyini etiraf etdi:

''2005/06-da ''Ankaragücü''nü 4:2 yendiyimiz bir qarşılaşma var. Sərgən kapitan sarğısı ilə çıxmışdı. Cərimə zərbəsindən erkən bir qol vurdu və sonra zədələnərək əvəzləndi. Sarğını da mənə verdi. Fasilədə bir epizod yaşandı. Sərgən adətən fasilədə çox danışan, başqalarına müdaxilə edən, göstərişlər verən xarakterə malik deyil. Amma həmin vaxt baldırına buz bağlamış vəziyyətdə Tayfur Havutçuya, İbrahim Üzülməzə və mənə bəzi göstərişlər verməyə başladı. Hər epizodda sona qədər oynamağımızı, diqqətli olmağımızı istədi. Hamı bir anlığa bir-birinə baxdı. Çünki daha öncə belə mənzərənin şahidi olmamışdıq. Düşündüm ki, təzə məşqçi gəlib. Yəqin Sərgən həm ona, həm də çətin dönəmdən keçən komandaya yardım etmək, can yandırmaq istəyir. Sonradan həqiqəti öyrəndik. Sən demə Sərgən böyük bir kupon yazıbmış. Orda bütün oyunlar gəlibmiş və yalnız bizim oyun qalıbmış. ''Beşiktaş''a qələbə atıbmış. Ağzından ''kupon əldən çıxmasın'' sözü çıxdı. Sən demə onun dərdi komanda yox, kuponu imiş''.

Verilişin moderatoru Ərsin Düzən Tümərin tarixini etirafını bir qədər malalamağa çalışaraq ''ola bilməz, Sərgən Yalçının özünün iştirak etdiyi oyuna pul qoyuluşu etdiyinə inanmaram'' deyincə, Tümər Mətin belə desək, bir qədər də irəli getdi:

''Tək bir oyuna atmayıb. Məsələn, 20 oyunu birləşdirmişdi. Məgər futbolçular öz oyunlarına pul qoyuluşu etmir? Bilmədiyim üçün soruşuram. Buna niyə icazə yoxdu? Məsələn, mən öz komandamın qələbəsinə pul ata bilmərəmmi? Həyatımda heç vaxt pul qoyuluşu etmədiyim üçün soruşuram''.

Qeyd edək ki, peşəkar futbolçuların nəinki öz komandalarına, ümumiyyətlə futbol matçlarına pul qoyuluşu etməsi qadağandı. Tümərin haqqında bəhs etdiyi oyun 2005/06-nın 11-ci turuna təsadüf edib. ''Beşiktaş''ın ''Ankaragücü''nü 4:2 məğlub etdiyi həmin oyunda Sərgən 5-ci dəqiqədə cərimə zərbəsindən qol vurduqdan sonra qol sevinci zamanı əzələsini dartdığı üçün əvəzlənməli olmuşdu. Həmin vaxt ''Ankaragücü''də forma geyən sabiq ''Beşiktaş''lı forvard İlhan Mansız 49-cu dəqiqədə bərabərlik qolunu vurmuşdu. Amma İstanbul nəhəngi Çağdaş Atan, Ailton və Ahmed Hassanın qolları ilə hesabı 4:1-ə çatdırmağa müvəffəq olmuşdu. Yekun nəticəni isə paytaxt təmsilçisinin heyətində oynayan Umut Bulut müəyyənləşdirmişdi. ''Beşiktaş''ın həmin mövsümü 3-cü pillədə tamamladığını da bildirək.

ƏLİ
Chosen
17
football-plus.az

1Sources