EN

“İmişlidə azyaşlı qızların ölümünə səbəb olmuş polis ciddi cəzalandırılmalıdır, amma...”

...Bunu bütün polislərin adına yazmaq doğru yanaşma deyil...”
 
“Əgər mən əvvəlki tək nazirlikdə işləmiş olsaydım, təklif edərdim ki,  bu məsələ ilə əlaqədar yerlər üçün xüsusi təlimatlar, göstərişlər hazırlansın. Bir daha  hər bir əməkdaşa təlqin edilsin ki, polis nəinki vətəndaşlarla üz-üzə gələndə, eyni zamanda sükan arxasında da qayda-qanunlara əməl etməyi, nəzakətli davranışıyla hər kəsə nümunə olmalıdır...”
 
“İmişlidə azyaşlı məktəbli qızların vəfat etməsi ilə nəticələnmiş avtomobil qəzası hamımızı sarsıtdı. Öncə həmin Azərbaycan övladlarının valideynlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirəm... Əlbəttə, çox ağır, ürəkdağlayan faciədir. Amma hər bir olaya olduğu kimi, İmişlidə baş vermiş bu bədbəxt hadisəyə soyuq başla və kompleks şəkildə yanaşmaq lazımdır”. 
 
Bunu Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Mehman Mehmanov yanvarın 18-də İmişlidə yol polisi avtomobilinin vurması səbəbindən azyaşlı məktəbli qızların dünyasını dəyişməsi faciəsindan bəhs edərkən söyləyib. 
 
“Yadımdadır ki, mən Daxili İşlər Nazirliyində İdarə rəisi işləyəndə kollegiya iclaslarından birində keçmiş nazir Ramil Usubov üzünü Yol Polisi əməkdaşlarına tutub dedi ki, siz küçələrimizdə səsucaldanlarla həddindən artıq yüksəkdən danışaraq, əvvəla, vətəndaşları vahimələndirirsiz, ikincisi də özünüzü də, məni də hörmətdən salırsız. O vaxtdan küçələrdə yol polisləri səsucaldanlarla həddindən artıq ucadan danışmırlar. Sözüm ondadır ki, polislərin, o cümlədən yol polisinin davranışları daim rəhbərliyin nəzarətində olub, bu gün də elədir. Bilirəm ki, ötən illərdə olduğu kimi, cənab nazir indi də daim, həmçinin kollegiya iclaslarında polislərə vətəndaşlarla həddindən artıq nəzakət və mədəniyyətlə davranmağı, insanları qıcıqlandıracaq davranışlara yol verməməyi tapşırır...
 
Bu mənada hesab edirəm ki, İmişlidə yol polisi əməkdaşının törətdiyi avto-qəza nəticəsində baş vermiş faciə də Daxili İşlər Nazirliyinin nəzarəti altındadır. Və hadisəni törədən şəxs kimliyindən asıllı olmayaraq cəzalandırılacaq”, -deyə davamında polis polkovniki bildirib.
 
“Düzdür, hərdən polislər hər hansı ekstremal vəziyyətdə, hər hansı çağırışa gedərkən avtomobili böyük sürətlə sürməli olurlar. Ancaq o polisləri ki, bəzən günün günorta çağı digər vətəndaşların da gözünün qarşısında sıx hərəkat olan küçənin ortasında heç bir zərurət olmadan, işıqforda qırmızı işığa, qoşa xəttı-filana məhəl qoymadan, bütün qaydaları tapdayaraq  avtomobili necə gəldi döndərib nümayişkaranə şəkildə davranır, qəza şəraiti yaradaraq vətəndaşların həyatına təhlükə törədirlər mən də  qınayıram. Və təbii ki, belə hallar qanunla da yolverilməzdir. Bur cür halların camaat arasında xeyli narazılıq yaratması da təbiidir...
 
İmişlidə baş vermiş faciə də bir polis əməkdaşının fərdi davranışı sayəsində törədilib və heç kəs buna haqq qazandıra bilməz. Lakin bunu bütün polislərin adına yazmaq, onları harınlıqda, qudurğanlıqda suçlamaq doğru yanaşma deyil. Bəli, polis avtomobili daha çox ehtiyatla sürməlidir, vətəndaşlarla daha nəzakətlə davranmalıdır. Və İmişlidə qaydaları pozaraq azyaşlıların ölümünə səbəb olmuş polis ciddi şəkildə cəzalandırılmalıdır. Əgər mən əvvəlki tək nazirlikdə işləmiş olsaydım, təklif edərdim ki, bu məsələ ilə əlaqədar yerlər üçün xüsusi təlimatlar, göstərişlər hazırlansın. Bir daha hər bir əməkdaşa təlqin edilsin ki, polis nəinki vətəndaşlarla üz-üzə gələndə, eyni zamanda sükan arxasında da qayda-qanunlara əməl etməyi, nəzakətli davranışıyla hər kəsə nümunə olmalıdır. 
 
Təbii ki, mən də İmişlidə yol polisi əməkdaşının qəza törətməsindən çox təəssüflənirəm və onun günahı ucbatından gözəl balalarımızın həlak olmasından həddindən artıq narahat oluram. Əlbəttə, o polisə qanun çərçivəsində ən ağır cəza verilməlidir.  Amma bu faktdan yapışaraq ölkədə polislə vətəndaş arasında uçurum yaratmaq olmaz...
 
Bu yaxınlarda mənim doğma kəndim olan Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində cavan gürcü oğlan qəza törədərək iki uşağın ölümünə səbəb olmuşdu. Və oradakı soydaşlarımız da ayağa qalxaraq buna etiraz etmişdilər və emosiyalarını cilovlaya bilməyərək təcili yardım maşınını aşırmışdılar. Mən oradakı həmkəndlilərimə də telefonla dedim ki, belə hərəkətləri nahaq etmisiz.  Qeyd edim ki, həmin sürücü hazırda həbsdədir... 
 
Onu  da unutmayaq ki, 1988-1994-cü illərdə milisimiz-polisimiz rəsmi səlahiyyətlərinə aid olmadan torpaqlarımız uğrunda ilk döyüşlərə atılanlardan oldu və 1000 nəfərədək şəhid verdi. Ölkədəki bütün ekstremal vəziyyətlərdə; metro qəzalarında, zəlzələrdə, yanğınlarda və s. daim Azərbaycan vətəndaşının yanında olub, onun hayına çatıb, onları dənizdə, kanalda boğulmaqdan, yanğında yanmaqdan və s. xilas edib”, -deyə sabiq idarə rəisi diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Chosen
48
48
moderator.az

10Sources