EN

Əlcəzairdə 20 Yanvar faciəsi geniş şəkildə yad edilib

Azərbaycanın Əlcəzairdəki səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Əlcəzairdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri, burada çalışan, yaşayan, təhsil alan azərbaycanlılar iştirak ediblər.

Bundan başqa, Əlcəzairin “elmindharnews.dz”, “alharir.info” və “El Fanek El Arabi” xəbər portallarında Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayevin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi yayımlanıb.

“20 Yanvar 1990-cı il faciəsinin 35-ci ildönümü Azərbaycan Respublikasında qeyd olunur” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs edilir. Məqalə bəşəri dəyərlərə qarşı cinayət sayılan, günahsız insanların qətli ilə nəticələnən bu faciənin əsl səbəblərinə toxunur, bu hadisənin Azərbaycan xalqının taleyində suverenlik və azadlıq arzularının reallığa çevrilməsində dönüş nöqtəsi olduğu vurğulanır.

“Qara Yanvar”ın Azərbaycan üçün təkcə tarixi hadisə deyil, həmçinin ədalətsizliyə qarşı müqavimət və milli birlik anı olduğu diqqətə çatdırılan məqalədə bu faciənin Azərbaycan xalqının yaddaşında hüzn, eyni zamanda, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğu bildirilib.

Qeyd olunur ki, hər il 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqı şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, Şəhidlər xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar.

2Sources