EN

Robert Levandovski Kristiano Ronaldonun rekorduna şərik oldu

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Benfika” ilə səfər oyunu “Barselona”nın hücumçusu Robert Levandovski üçün düşərli olub.

Arena.az məlumat verir ki, “Lyova” “blauqrana”nın 5:4 hesablı əzmkar qələbəsinə penaltidən vurduğu dübarə qolla töhfəsini verib.

Bu iki penalti qolu sayəsində Levandovski Çempionlar Liqasında penaltidən vurulmuş qolların sayına görə, “Real”ın keçmiş futbolçusu, hazırda “Əl-Nəsr”də çıxış edən ulduz hücumçu Kristiano Ronaldonun rekorduna şərik olub. Hər iki futbolçunun hesabında Çempionlar Liqasında penaltidən vurulmuş 19 qol var. Göründüyü kimi, Levandovski mütləq rekordun astanasındadır. İlk üçlüyü 18 penalti qolu ilə “Barselona”nın keçmiş futbolçusu, hazırda “İnter Mayami”də çıxış edən argentinalı ulduz hücumçu Lionel Messi qapayır.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 29 oyuna çıxıb, 28 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 124 oyun, 87 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
31
22
arena.az

10Sources