EN

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Image

Rauf Zeyni: “Həmin 531 min nəfər vaxtilə Qarabağdan və Şərqi Zəngəzurdan didərgin salınan, evləri-eşikləri viran qoyulan…”

Bildiyimiz kimi,   Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclasında bir sıra məsələlərdən bəhs edilib. 

Məlum olduğu kimi, bu məhkəmədə 531 mindən artıq şəxs zərərçəkən kimi qeydiyyatdan keçib. Onların 350 nəfəri məhkəmədə iştirak edib. Ortada 531 min nəfər azərbaycanlının ziyan çəkməsi faktı var. Təbii, bu çox böyük rəqəmdir, kiçik fakt deyil, tarixi bir faktdır. 

Bu 531 min ziyan çəkən azərbaycanlılar kimlərdi? Bunlar vaxtilə Ermənistanın işğalçı rejimi tərəfindən Qarabağdan və ətraf rayonlardan qovulmuş azərbaycanlılardır? 

Ekspertlərə görə, burada söhbət, təbii ki, indiki Qarabağ iqtisadi rayonundan və Şərqi Zəngəzur bölgəsindən erməni işğalçıları tərəfindən qovulmuş, ev-eşikləri əllərindən alınmış azərbaycanlılardan gedir. 

“O zərərçəkmişlərin hər biri onlara qarşı kimlərin hansı cinayətlər törətdiyini məhkəmədə açıqlayacaq”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mənfur qonşumuz Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən cinayətlərin hamısı məlumdur və bu açıq məhkəmə prosesində  də çox məsələlərə aydınlıq gətiriləcək. Vətəndaş cəmiyyəti təşkilatlarının dəfələrlə beynəlxalq təşkilatlara bəyanatlar verdiklərini deyən R.Zeyni qeyd etdi ki, bu çağırışların hər birində də Ermənistanın işğalına son qoyulması əsas məsələ olaraq qabardılıb. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalda qaldığını, 30 mindən çox şəhidimizin, 50 mindən çox qazimizin olduğunu, saysız zərər çəkənimiz olduğunu  deyən R.Zeyni qeyd etdi ki, artıq zərərçəkmişlərin 531 nəfər olduğu bildirilib: “Artıq məhkəmədə açıq rəqəmlər səsləndirilir ki,  531 mindən artıq zərərçəkən var, bu sayda şəxs zərərçəkən kimi qeydiyyatdan keçib. Bu olduqca böyük rəqəmdir. Onların da 350 nəfəri bu tarixi Bakı “Nürnberq prosesində” zərərçəkmiş kimi iştirak edib. Təbii ki, biz nə vaxtsa bu işğala son qoyulacağına inanırdıq. 2020-ci ildə bu işğala son qoyuldu, 2023-cü il 19 sentyabrında da lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Bu il də məhkəmənin keçirilməsi labüd idi. Biz deyirdik ki, bu məhkəmə qurulacaq və bütün bəşəriyyət bu prosesin şahidi olacaq, bu cinayəti törədənlər dünyanın və xalqımızın qarşısında cavab verəcəklər. 

Məhkəmə beynəlxalq standartlara uyğun şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində, bütün təminatı, tərcüməçisi, vəkili və sairi ilə qurulub. Məhkəmə bütün tələb olunan qaydalarla təşkil olunub. Bu da Azərbaycanın məhkəmə sisteminin, məhkəmə heyətinin nə qədər peşəkar, yüksək səviyyədə olmasının bütün dünyaya göstəricisidir. Burda 531 nəfər zərərçəkmişin 350 nəfəri iştirak edib. Təbii ki, hər bir azərbaycanlı o məhkəmədə iştirak etmək istəyərdi. Bu tarixi Bakı “Nürnberq prosesinin”, ittiham edilənlərin əməllərinin necə qiymətləndirilməsinin şahidi olmaq istəyirik. Düşünürəm ki, bütün bəşəriyyət, indiyə qədər Ermənistanın işğalçılıq əməllərini dəstəkləyən dövlətlər, beynəlxalq təşkilatlar, müəyyən güc mərkəzləri bunu izləməlidir, bu prosesdən nəticə çıxarmalıdır. Çünki Azərbaycana qarşı haqsız və ədalətsiz münasibət, işğalçılıq siyasəti bu cür nəticələnməli idi, nəticələndi də”.

R.Zeyni hesab edir ki, bu məhkəmə prosesi tam şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun aparılmalıdır. “Qarabağda həyata keçirilən bütün cinayətlər, 1 milyondan artıq vətəndaşımıza qarşı törədilən bu əməllər bəşəriyyətə çatdırılmalı, bütün məqamlar burda öz əksini tapmalıdır. Bütün maddələr üzrə ittiham edilən şəxslərin fikirləri, etirafları şəffaf şəkildə ictimaiyyətə çatdırılamlıdır. İctimaiyyətin hər məsələdən xəbəri olmalıdır, cəmiyyət görməlidir ki, haqq-ədalət öz yerini tapır. Haqq nazilər, amma üzülməz. Bu bəşəri ədalət öz layiqli yerini tapmalıdır və bütün bəşəriyyət görməlidir ki, Azərbaycan məhkəməsi ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qəsd edən, təhdid törədən, ona qarşı qanunsuz silahlı dəstələr təşkil edən, onun konstison quruluşuna əl uzadan qüvvələrin sonu belə olmalıdır. İttiham edilən şəxslər, təbii ki, etiraflar edəcəklər”. 

R.Zeyni qeyd etdi ki, 531 min nəfər zərərçəkmiş azərbaycanlının olması böyük bir faktdır. “Həmin  531 min nəfər vaxtilə Qarabağdan və Şərqi Zəngəzurdan didərgin salınan, evləri-eşikləri viran qoyulan, bütün əmlakları talanan, hər şeyləri əllərindən alınan, özləri isə qaçqına çevrilən vətəndaşlarımızdır. Məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində vətəndaşlarımız ev-eşiklərindən, yurd-yuvalarından didərgin salındılar. İndi həmin o azərbaycanlılar zərərçəkmiş qismində məhkəmədə ittiham olunanların törətdiyi əməlləri ifşa edirlər. 531 min nəfərin ifadələri dinləniləcək və onlar şahid kimi çıxış edəcəklər. Təbii ki, o zərərçəkmişlərin hər biri onlara qarşı kimlərin hansı cinayətlər törətdiyini məhkəmədə açıqlayacaq. Bu, tarixi bir prosesdir və inanırıq ki, onlar öz layqili cəzalarını alacaqlar”-deyə R.Zeyni qeyd etdi.

R.Zeyni bildirdi ki, artıq məhkəmədə iştirak edən zərərçəkmişlərin müəyyən bir qismi açıqlama verərək ittiham edilənlərə layiq olduqları cəzanın verilməsini istəyir. O hesab edir ki, hələ ortaya bizə məlum olmayan daha yeni faktlar da çıxa bilər. 

İradə SARIYEVA





Chosen
17
baki-xeber.com

1Sources