EN

Gəncə Dövlət Universiteti dünənki ali məktəb deyil

Gəncə Dövlət Universitetinin tarixinə qısaca nəzər salaq. Bu ali təhsil ocağı 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. Gəncədə belə bir ali təhsil məktəbinin yaradılması müəllim kadrlarına ehtiyacın ödənilməsini təmin etməklə bağlı olmuşdur. 1943-cü ildən etibarən təhsil ocağı yenidən qurularaq onun bazasında tam ali təhsil verən, yüksək ixtisaslı müəllim kadrları hazırlayan Həsən bəy Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. 13 iyun  2000-ci il tarixdə ulu öndər Heydər Əliyevin sərəncamına  əsasən bu ali təhsil müəssisəsinə universitet  statusu verilmişdir. Hazırda universitetin 7  fəxri doktoru (5-i xarici, 2-si yerli) və 23 fəxri professoru vardır.

Universitetin tarixinə nəzər  yetirdikdə görürük ki, hər ötən il özü ilə yeniliklər gətirib. Bu yeniliklərin bir qismi ayrı-ayrı fakültələr, şöbələrlə bağlı olsa da, elə faktlar var ki, universitet həyatını bütövlükdə əhatə edir.   
Hazırda universitetin 6 tədris binası, Ümummilli liderin adını daşıyan Heydər Əliyev məktəbi, Aleksandr Düma adına Mədəniyyət Mərkəzi, İnklüziv Təhsil Mərkəzi, fiziki qüsurlu tələbələr üçün Təlim Mərkəzi, Elektron öyrənmə, Müasir Təlim Mərkəzi, Tələbə Ombudsman Mərkəzi, Mediasiya Mərkəzi, Keyfiyyətin Təminatı Mərkəzi, Tyutor Mərkəzi, Yunus Əmrə adına mühazirə otağı, TİKA-nın dəstəyi ilə Nuru Paşa adına kitabxana, STEAM laboratoriyası, yeni tədris və tədqiqat  laboratoriyaları, müasir standartlara uyğun Tələbə Evi və İdman klubu fəaliyyət göstərir. 2023/2024-cü tədris ilində isə universitetin 6-cı tədris binası istifadəyə verilmişdir.
İnkişafı rəqəmlərlə də ifadə edək. Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı son 10 ildə 4 mindən 8 minə qədər yüksəlib. Hazırda burada 7mindən çox tələbə bakalavriat, 650-dən çox gənc magistratura səviyyəsində təhsil alır. 
Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə indi müxtəlif istiqamətlərə aid  bakalavriat səviyyəsi üzrə 45 ixtisas,  magistratura səviyyəsi üzrə 36 ixtisas üzrə 65 ixtisaslaşmaya aid  kadrlar hazırlanır, 33  doktorant və 32 dissertant elmi-tədqiqat işlərinə cəlb olunur.
Gəncə Dövlət Universitetini seçən əcnəbi tələbələrin sayında da artım müşahidə olunur. Hazırda universitetdə 68 nəfər əcnəbi tələbə təshil alır. Tələbələr arasında daha çox Türkiyə, Gürcüstan və  Rusiya vətəndaşları üstünlük təşkil edir.  Bununla yanaşı, universitetdə təhsil almağı seçən əcnəbi tələbələr arasında Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna və Moldova vətəndaşları da var. 
Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə bir çox işlər icra olunmuş, nəticədə respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti “Web of Science Azerbaijan – 2018” mükafatlarının təqdimetmə mərasimində “Ən yüksək sürətlə inkişaf edən region universiteti” mükafatına layiq görülmüşdür
2017-ci ildə universitetdə müasir idarəetmə sisteminə uyğun olaraq strukturun optimallaşdırılması məqsədilə İnnovasiyalar Departamenti və onun nəzdində 5 şöbə yaradılmış, 3 şöbə departamentin tərkibinə verilmişdir. Rektor Yusif Yusibovun müvafiq əmri ilə İnnovasiyalar Departamentinin yaradılması elmi ictimaiyyətdə çox önəmli bir strateji missiya kimi qəbul edilir. 
Bu illərdə universitetin beynəlxalq əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Qeyd edək ki, universitetin tarixi ərzində heç vaxt dünya dövlətləri ali məktəblərinə bu qədər yaxınlıq, əlaqə olmayıb.
2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın Ot-Alzas Universitetində Məhsəti Gəncəvi Mərkəzi və Nizami Gəncəvi adına Azərbaycan dili kafedrası açılmışdır. Ot-Alzas Universitetinin təşəbbüsü ilə Gəncə Dövlət Univesitetinin 5-ci tədris binasında Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi yaradılmışdır. 
Universitetdə görülən səmərəli işlərdən biri də müasir standartlara uyğun yeni laboratoriyaların yaradılması və  zənginləşdirilməsidir. “Kimyəvi materialşünaslıq” elmi-tədqiqat, STEAM, digər elmi-
tədqiqat laboratoriyalarının açılması son illərin uğurlu işlərindəndir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsas götürülərək Gəncə Dövlət Universitetində Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzi yaradılmışdır. 
Prezident İlham Əliyevin  tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk dəfə olaraq Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl Şəhər"lər proqramına daxil edilmişdir. Həmin layihədə dünyada ilk dəfə olaraq Gəncə Dövlət Universiteti tərəfdaş qismində iştirak edir.
Gəncə Dövlət Universitetinin dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam edir. Universitetin İtaliya Respublikasının Urbino, Sloveniyanın Nova Gorika, Rumıniyanın Galati, Macarıstanın Debrecen, İspaniya Krallığının UCAM Mursiya, Niderland Krallığının Niderland Biznes Akademiyasının, Moskva Dövlət Mədəniyyət İnstitutu, eləcə də Türkiyə Cümhuriyyətinin Gazi, Sivas, İstanbul və İzmir Dokuz Eylül universitetləri ilə fəal ikili müqavilələri mövcuddur. 
Təhsil  sisteminin Boloniya  proqramı üzrə qurulması universitetin Avropa  təhsil sisteminə inteqrasiyasını  sürətləndirmiş,  tədrisin müasir tələblər səviyyəsində qurulmasına  imkan yaratmışdır. Nəticədə universitetin onlarla  tələbə və müəllimi  öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.  Bir neçə il bundan öncə Gəncə Dövlət Universiteti  Türkiyənin “Mövlana”  mübadilə proqramına qoşulmuşdur. Giresun, Fırat universitetlərində mübadilə proqramı çərçivəsində təhsil almaq imkanı əldə etmişlər.
Gəncə Dövlət Universitetinin Fransanın Strasburg-2 və Şampan Arden universitetləri ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrə əsasən, universitetin fransız dili kafedrasının 11 nəfər müəllimi Besançon şəhərindəki Tətbiqi Dilçlik Mərkəzində pedaqoji təcrübə keçmişdir. 2015-ci ildə Fransanın Ot-Alzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılış mərasimi olmuşdur. 
Gəncə Dövlət Universitetinin alman dili kafedrası Bakıdakı Almaniya Federativ Respublikasının Səfirliyi, Alman Akademik Mübadilə Xidməti təşkilatı və Höte İnstitutunun təşəbbüsü ilə xaricdə təhsil imkanları üzrə treninq-seminarlar, eləcə də imtahanlar keçirir. 44 günlük Vətən müharibəsi zamanında  da qardaş Türkiyənin  universitetləri Azərbaycanın yanında olmuş, öz mənəvi dəstəklərini göstərmişlər. 
Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında 2021-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, ikili diplom proqramının icrası üçün ilkin anlaşma, eyni zamanda, Avropa İttifaqının Erasmus+ KA107 və Mövlana proqramları çərçivəsində razılıq əldə olunub. Bununla yanaşı, bu əlaqələr sayəsində Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvi adına, Gəncə Dövlət Universitetində isə Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrə adına mühazirə otaqları yaradılıb. Beynəlxalq akkreditasiyadan keçmiş biologiya ixtisası üzrə tədris alacaq tələbələr ilk iki ili Dokuz Eylül Universitesində, 2025/2026 tədris ilindən etibarən isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar. Növbəti tədris ilindən bu tələbələrə  təqaüd ayrılacaq və onlar yataqxana ilə təmin olunacaqlar.
2024-cü ilin dekabr ayında GDU-nun rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbul Universiteti və Dokuz Eylül Universitetinin qonağı olmuşdur. Universitetlər arasında mövcud  elmi əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə keçirilən görüşdə Gəncə Dövlət Universiteti və İzmir Dokuz Eylül Universiteti arasında mövcud olan qarşılıqlı Anlaşma Memorandomu növbəti 3 il müddətinə artırılmışdır. 
Gəncə Dövlət Universiteti Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası haqqında” sərəncamında qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən bütün lahiyələrdə yaxından iştirak edir. 
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact Ranking”  reytinqinin 2024-cü il üçün nəticələrinə görə Gəncə Dövlət Universiteti 4 istiqamət üzrə qiymətləndirilib. 
Bununla yanaşı,  dünya universitetlərinin reytinqinin əks olunduğu Round University Ranking 2024-cü ilin son reytinq hesabatına görə Gəncə Dövlət Universiteti də dünya universitetləri arasında qərarlaşıb. Qeyd edək ki, Round University Ranking universitetləri tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq müxtəliflik, maliyyə dayanıqlığı və ümumi akademik göstəricilər daxil olmaqla müxtəlif amillər əsasında qiymətləndirir.
Gəncə Dövlət Universitetinin son illərdəki inkişaf dövrünə nəzər salsaq, infrastrukturun müasirləşdirilməsinin, ali məktəbin maddi-texniki bazasının zənginləşdirilməsinin şahidi olarıq. Son illərdə Gəncə Dövlət Universitetində görülən işlər göz oxşayır, universiteti daha baxımlı, daha yaraşıqlı göstərir. Aparılan təmir-tikinti işləri universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edir. Son illərdə tədris binalarında istilik sistemləri, binaların dam örtükləri, fasadları yenidən qurulmuş, binaların həyətlərində geniş abadlıq işləri görülmüş, idman meydançaları salınmışdır. 
 Bu yaxınlarda riyaziyyat-informatika fakültəsinin tələbələri üçün istifadəyə verilmiş ikimərtəbli binada 16 auditoriya, akt zalı, 5 kompüter otağı, kitabxana və oxu zalı var. Burada sanitar qovşaq, istilik sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya və internet xətləri, avadanlıqlar və yanğınsöndürmə sistemi yenilənib. 
Ətraf mühitin qorunması amilləri 
Gəncə Dövlət Universitetinin 2023–2028-ci illər üçün olan strateji planında da əks olunmuş, “Yaşıl artım” prinsiplərinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə mübarizə aparılması məqsəd kimi qeyd edilmişdir.
2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli oldu. Gəncə Dövlət Universitetində də “Yaşıl dünya naminə həmrəylik ili” və  COP29-la bağlı mütəmadi olaraq elmi-praktik konfranslar, dəyirmi masalar, tədbirlər keçirilmiş, təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə GDU rəhbərliyinin təşəbbüsü ilə ağacəkmə aksiyaları təşkil edilmişdir.
Gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə bir çox işlər icra edilmişdir. Gənc istedadların beynəlxalq səviyyəli festival, müsabiqə, yarış və yay məktəblərində iştirakı dəstəklənmiş, mədəniyyət və incəsənət sahəsində gənc istedadlar üçün festival, müsabiqə, yay məktəbi, ustad dərsləri, yaradıcılıq axşamları, konsert proqramları və digər tədbirlər təşkil edilmişdir. 
Son illərdə tədris binalarında istilik sistemləri, binaların dam örtükləri, fasadları yenidən qurulmuş, binaların həyətlərində geniş abadlıq işləri görülmüş, idman meydançaları salınmışdır. Universitetin 
infrastrukturu müasirləşdirilmiş, tədris binalarında müvafiq tikinti işləri ilə yanaşı, əsaslı təmir işləri aparılmış və avadanlıqlarla təchiz edilmişdir. 
Ötən il 15 Sentyabr Bilik Günündə ali təhsil ocağının 6-cı tədris binasının istifadəyə verilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük hədiyyə oldu. Riyaziyyat-informatika fakültəsinin tələbələri üçün nəzərdə tutulan binada təlim-tədrisin təşkili üçün hərtərəfli şərait yaradılıb. İkimərtəbli binada 16 auditoriya, akt zalı, 5 kompüter otağı, kitabxana və oxu zalı, sanitar qovşaq, istilik sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya və internet xətləri, avadanlıqlar və yanğınsöndürmə sistemi yenilənib.  
Gəncə Dövlət Universitetində başqa sahələrdə olduğu kimi, idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur.  Universitetdə tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün hər cür şərait  yaradılıb. İdmana göstərilən qayğının nəticəsidir ki, GDU respublika universitetləri arasında 5 ən yaxşı universitetlər sırasına seçilib. Hazırda GDU-nun tələbələri arasında 10 nəfər Avropa və dünya mükafatçısı, 10-dan artıq beynəlxalq turnirin qalibi və 20-dən çox respublika çempionu vardır.
Dövlətimizin başçısı cənab İlham ­Əliyevin  27 noyabr 2017-ci il tarixli sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, 2018-ci ildə Gəncə Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ali təhsil ocağının bir qrup əməkdaşının fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi GDU-nun zəngin inkişaf yoluna, ötən müddət ərzində xeyli sayda peşəkar kadrlar hazırlamasına verilən dəyərin bariz nümunəsidir. Eləcə də 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunması GDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla və sevinclə xatırlanıb.
...Cəmi 3 ildən sonra 90 yaşını qeyd edəcək qocaman təhsil ocağı doğru yoldadır. Bu yol yüksək ixtisaslı, hərtərəfli biliklərlə əhatə olunmuş, kreativ, müasir kadrlar yetişdirmək yoludur.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri 
Gəncə

Chosen
28
xalqqazeti.az

1Sources