EN

Demans riskinin azaldılmasında antibiotik dərmanlarının mümkün təsiri araşdırılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Kembric və Exeter universitetlərinin tədqiqatçıları tez-tez istifadə edilən və yalnız reseptlə satılan dərmanlarla demans xəstəliyi riski arasındakı əlaqəyə dair birgə araşdırma aparıblar.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu kontekstdə 130 milyon tibbi qeydiyyat məlumatını araşdıran tədqiqatçılar demansın inkişafında virus və bakterial infeksiyaların rol oynaya biləcəyini, bu səbəbdən isə virus infeksiyalarına qarşı istifadə edilən antibiotiklərin, antiviral dərmanların demans riskini azaltmaqda təsirli ola biləcəyini deyiblər.

Virus əleyhinə dərmanların, eyni zamanda peyvəndlərin demansla mübarizədə müsbət rol oynayacağını bildirən tədqiqatçılar, hətta həmin dərmanları “ümidverici" faktor olaraq xarakterizə ediblər. Onlar bu tapıntının "potensial xəstəliklərin qarşısının alınması" olduğunu vurğulayıblar.

Ancaq “The Guardian” qəzetinin məlumatına görə, İngiltərədəki altsheymer tədqiqatçısı professor Julia Dudley araşdırmada qeyd edilən dərmanların demans riskini azaltmaq üçün istifadə oluna biləcəyini söyləməyin hələ tez olduğuna və tədqiqatçıların bu tapıntıları klinik test etmələrinin vacibliyinə diqqət çəkib.

İngiltərənin Altsheymer Cəmiyyətinin tədqiqatçısı Riçard Oakley isə demans riskini azaltmaq üçün sübut edilən və həkimlər tərəfindən məsləhət görülən dərmanların istifadəsini daha məqsədyönlü hesab edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demensiya ilə mübarizə aparır və hər il təxminən 10 milyon yeni demans diaqnozu qoyulur.

Araşdırmanın nəticələri "Alzheimer's & Dementia: Translational Research & Clinical Interventions" jurnalında dərc olunub.

Chosen
36
27
azertag.az

10Sources