EN

Zəfər serialı çəkiləcək - aktyorlar, rollar...

Abdulla Qurbani: “Həm birinci, həm də ikinci Qarabağ müharibələri dövrlərində elə qəhrəmanlıqlar yaşanıb ki..,”

Akademik Milli Dram Teatrında xalq artisti Nurəddin Mehdixanlı və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi,fərdi prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani ilə Türkiyənin “DEVİN Media Akademi” film şirkəti arasında müqavilə imzalanıb. Müqavilə Azdramada baş tutan mətbuat konfransında bağlanıb.

“Azərbaycan və Türkiyənin sənət adamları bu müqavilə fonunda daim əməkdaşlıq edəcəklər. İmzaladığımız müqavilə müddətsizdir. Təhsilyönümlü əməkdaşlığımız artıq var. Qısa müddətdə ilk serialımızın istehsalına başlayacağıq. Yaxın tarixdə Zəfər tariximizlə əlaqədar çoxseriyalı iş görməyi planlaşdırırıq”, - Mehdixanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, serial DEVİN medianın öz imkanları hesabına baş tutacaq. “DEVİN media ilə əməkdaşlığımızın baş tutmasına səbəb də budur. Məqsəd bu vaxta qədər gəlib ondan-bundan pul yığıb, sonra işi yarımçıq qoyaraq gedənlərə həm da cavab verməkdir. Əsas millətə münasibətdə ləyaqəti itirməməkdir. Amma görülən işlər fonunda sonradan kimlərsə yardım etmək, sponsor olmaq istəyəcəksə, bu, növbəti mərhələnin tərkib hissəsi olacaq”, - o bildirib.

Abdulla Qurbani isə bir ssenarinin hazır olduğunu bildirib.

Qeyd edək ki, bu ilk belə serial olacaq. Bəs Zəfər serialında hansı aktyorlar, məşhurlar yer ala bilər? Süjet xətti, ssenari necədir? Çəkilişlər qardaş ölkədə də aparılacaqmı?

Polkovnik Abdulla Qurbani əməliyyat olundu

Abdulla Qurbani

Məsələ ilə bağlı serialın ssenaristi Abdulla Qurbani “Yeni Müsavat”a danışıb:

“Türkiyənin ”DEVİN Media Akademi" film şirkəti ilə birgə müştərək çəkəcəyimiz bu filmdə mən ssenari müəllifi kimi dəvət almışam və buna görə çox sağ olsunlar. Onlar mənim yaradıcılığımla maraqlanıb, dəvət ediblər. Bildiyiniz kimi mən də həm Birinci, həm İkinci Qarabağ müharibələrinin iştirakçısı, Azərbaycan firavanlığı uğrunda gedən müharibələrin veteranıyam.

Həm birinci, həm də ikinci Qarabağ müharibələri dövrlərində elə qəhrəmanlıqlar yaşanıb ki, bu yalnız Azərbaycanın deyil, bəlkə də bütün dünyanın nümunə götürəcəyi epizodlardır.

Müqavilə imzalanması mərasimində də bildirdim ki, artıq “Məbəddə görüş” adlı 1-2 hissəli ssenarimiz hazırdır. Həmin ssenari Azərbaycanın milli qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunub.

Məlum olduğu kimi, Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban məbədində aparılan döyüşlərdə 6 döyüşçü ilə birlikdə ac-susuz həmin məbədin qorunmasında iştirak edib.

Məbəddə digər döyüşçülər şəhid olduqdan sonra, Natiq Qasımov təkbaşına 5 gün düşmən mühasirəsində döyüşüb. O, məbədin müxtəlif yerlərindən atəş açaraq guya məbəddə çox sayda döyüşçünün olması təəssüratını yaradıb, son gülləsinə qədər döyüşüb, təslim olmayıb və son ana qədər Azərbaycan bayrağını yerə qoymayıb. Natiq Qasımov bizim qəhrəmanımızdır və film bu hadisələrdən bəhs edəcək.

Təkcə bu deyil, həm müharibə dövründə, həm də antiterror əməliyyatları ilə bağlı elə hekayələrə işıq salacağıq ki, Azərbaycan xalqının cəsarətini, əxlaqi və iradi keyfiyyətlərini, vətənpərvərlik və torpaqsevərlik hisslərini təqdim edəcəyik.

Həmçinin Azərbaycan-Türkiyə qardaşlıq təntənəsinə də geniş yer veriləcək. Onu da deyə bilərəm ki, qəhrəmanlıq xalqımızın qanına hopmuş əbədi bir duyğudur. Qəhrəmanlıq isə heç vaxt ölmür.

O ki qaldı hansı aktyorların iştirakına, müqavilə bağlayan şirkət çalışacaq ki, ilk növbədə Azərbaycan sənətkarlarına yer verilsin. Əgər ehtiyac yaranarsa, Türkiyədən də aktyorlar dəvət ediləcək.

Çəkilişlərin məkanı hadisələrdən asılı olaraq dəyişəcək. Məsələn, qeyd etdiyim məbəd Xocalı rayonu kəndində yerləşən həmin Alban məbədidir və çəkilişlər elə orada, onun ətrafında aparılacaq. Bundan başqa, Əsgəranda vaxtilə mövcud olmuş polis binasında da çəkilişlər olacaq. Çünki həmin binanın təcridxanasında Xocalıdan əsir götürülən şəxslər saxlanılıb. Bu baxımdan, həmin epizodlarla bağlı çəkilişlər də məhz orada həyata keçiriləcək.

Bildiyiniz kimi Xalq artisti Nürəddin MehdixanlıVətən müharibəsinin ilk günündən Şuşaya bayraq sancılana qədər bizim sıralarımızda olub. Yəni biz bu hadisələrin şahidləriyik. Bəzən deyirlər ki, müharibə ilə bağlı filmlər yalnız 20 il, 40 il sonra yazılmalı, çəkilməlidir. Sual olunur: əgər bu şahidlər varsa, niyə məhz bu gün bunu etməyək? Şahidlər sıradan çıxandan, dünyasını dəyişəndən sonra necə olacaq? Bu baxımdan hər şeyi isti-isti həll etmək lazımdır".

Xalidə GƏRAY

Mənbə: musavat.com

Chosen
12
8
musavat.com

10Sources