EN

“Yuventus” kapitanını “ofsayd”a salıb - Daniloya hətta məşq etmək imkanı da verilmir

Son həftələr “Yuventus”un düşərgəsində qeyri-adi hal yaranıb.

"Football-plus.az" xəbər verir ki, komandanın ən təcrübəli oyunçularından olan Danilo sözün həqiqi mənasında “ofsayd”a salınıb. Kapitan ağ-qara formada 5,5 il forma geyəndən sonra müqaviləni pozmağa vadar edilib.

Onun Turin klubunu rəsmən tərk edəcəyi zaman məsələsidi. Yayda baş məşqçi vəzifəsinə təyinat alan Tyaqo Motta braziliyalıya əvvəlcədən əsas heyətin üzvü gözü ilə baxmadı: 33 yaşlı müdafiəçi əksər matçlarda ehtiyatda şansını gözləyir və ya son dəqiqələrdə meydana çıxmaq imkanı qazanırdı. Artıq onun ağ-qara formada görünmək şansı yoxdu. Ona görə ki, Danilo komandadan kənarlaşdırılıb.

Danilo getmək istəmirdi, amma transferə çıxarıldı
Cari mövsüm onun üçün lap əvvəldən istənilən kimi alınmadı: İtaliya çempinatının ilk 5 oyununda yalnız avqust ayında “Verona”ya qarşı 5 dəqiqə forma geymək imkanı qazandı, qalan matçları ehtiyat oyunçular skamyasından izləməli oldu. Sonra bəzi oyunlarda start heyətində meydana çıxdı. Hətta Çempionlar Liqasında “Ştutqart”a qarşı ilk dəqiqələrdən oynamaq imkanı qazandı, amma qırmızı vərəqə almaqla komandanın evdə 0:1 hesabı ilə uduzmasına şərait yaratdı.

Yerli media onun mövsümün ilk aylarında “Yuventus”da yalnız zədəli oyunçuların çoxluğuna görə qaldığını qeyd edirdi. Meydana çıxdığı matçlarda kapitanlıq sarğısını daşısa da, cənubi amerikalının gələcəyi ilə bağlı məsələ çoxdan müəyyən edilmişdi: rəhbərlik dekabrın sonunda ona transferə çıxarılacağını rəsmən bildirdi. Tyaqo Motta isə yanvarın əvvəlində bu məsələyə qısaca belə aydınlıq gətirdi:

“Danilo artıq bizim layihənin üzvü sayılmır. Bunu özünə aydın şəkildə bildirmişik. Bu qərar klubun xeyri üçün verilib”.

Təcrübəli futbolçu son həftələr komandadan kənarda qalıb və klubun bazasında ayrıca məşq edir. İtaliya Superkubokunun “Milan”la yarımfinal oyunu (1:2) üçün Səudiyyə Ərəbistanına aparılmayan Danilonun növbəti matçlarda da görünməyəcəyi artıq hamıya bəllidi.

Dekabrın son günlərindən birində komandanın əfsanəvi hücumçusu Alessandro Del Pyero ona bu belə dəstək vermişdi:

“Son illər ərzində “Yuve”də nümayiş etdirdiyi kamilliyin ona ən yaxşı qərarın qəbulunda kömək edəcəyinə inanıram. Klub üçün etdiklərinə görə Daniloya hörmətim var, amma ona məsləhət verə bilmərəm. Bu, heç də asan sayılmayan qərar olacaq”.

Danilo mövsümün ortasında getmək istəmirdi, bunu ötən ilin son ayında jurnalistlərə açıqlamışdı:

“Yuventus”dan yanvarda ayrılmaq istəmirəm. Kapitan komandanı heç vaxt yarıyolda qoymur və mən də bunun əksini etməyi düşünmürəm. Həmişə “Yuventus” naminə mümkün olan hər şeyi etməyə çalışıram”. Sonra bu fikirlərinə əlavə etmişdi: “Əvvəl dediyim kimi, rəhbərliyə müqavilənin pozulması ilə bağlı heç vaxt müraciət etməmişəm. Yanvarda yalnız klub artıq məni komandada görmək istəmədiyini bəyan edəndə gedəcəyəm. “Yuve” ilə əlaqəm oyun dəqiqələri çərçivəsini aşır, həmişə uşaqlara və məşqçiyə kömək etməyə hazıram. Məhz buna görə burdayam”.

Amma bu açıqlamadan çox keçmədən ona getmək lazım olduğu rəsmən bildirildi.

Klub Danilodan niyə imtina edib?
Ortaya təbii sual çıxır: klub Danilodan niyə imtina edib? Bunun bir neçə səbəbi var. Səbəblər isə kifayət qədər ciddi görünür.

* Dailonun müqaviləsi yarım ildən sonra qüvvədən düşəcək. Rəhbərlik əvvəlcə onu təxminən 2-3 milyon avroya satmağı planlaşdırırdı. Lakin indiki vəziyyət səbəbkarın komandadan ödənişsiz ayrılacağından xəbər verir. Yerli mənbələr tərəflərin müqaviləni qüvvədən salmaq üçün danışıqlara başladığını xəbər verir. Bu isə o deməkdi ki, “Yuventus” mövsümün qalan yarısında büdcəsinə qənaət etməyi vacib sayır (futbolçunun illik maaşı 4 milyon avroya bərabərdi).

* Müqavilnin pozulması üçün səbəblərdən biri də yaş amilidi. Tyaqo Motta özünü müxtəlif zonalarda yaxşı hiss edən və hücumun zəif olan cinahında dominatlıq etmək vərdişlərinə malik dinamik oyunçulara üstünlük verir. Danilo isə mövsümboyu intensiv oyun planında həddən artıq yaşlı futbolçudu. Çox güman ki, braziliyalı elə bu səbəbdən birinci dövrənin əksər oyunlarında ilk dəqiqələrdən meydanda görünməyib. Mövsümün ilk 16 matçından 8-də start heyətində olan müdafiəçi yalnız 5 oyunu əvvəldən sonadək əvəzlənmədən keçirib. Və bu vəziyyəti yalnız komandadakı zədə epidemiyası ilə əlaqələndirmək olmaz: bu amil üzündən yalnız “Montsa” ilə oyunu (2:1) buraxıb, Çempionlar Liqasında isə “Lill”ə qarşı səfər matçında (1:1) cəzalı olduğu üçün iştirak etməyib.

* Son xəbərlərə görə, vaxtilə “Real”da oynamış futbolçu bir sıra klubların maraq dairəsindədi. Jurnalist Covanni Albanezenin məlumatına görə, Danilo artıq “Napoli” ilə anlaşıb, amma bu klubun rəhbərliyi ona görə xərcə düşmək istəmir. Neapola yalnız turinlilərlə müqaviləsi pozulandan, yəni sərbəst futbolçu statusu qazandıqdan sonra yollana bilər.

Fabritsio Romano Səudiyyə Ərəbistanının adlarını çəkmədiyi bir neçə klubunun braziliyalı ilə maraqlandığını və onunla azad agent kimi müqavilə bağlamaq istədiyini xəbər verib. Daha bir məşhur insayder Canluka Di Martsio isə onun “Milan”ın əsas heyətindəki yerini itirən Fikayo Tomori ilə yerini dəyişə biləcəyini deyib.

Danilo 2019-cu ildən Turində yaşayır. “Yuventus”da 200-dən çox matç keçirən braziliyalı kapitanlıq sarğısına əbəs yerə layiq bilinməyib. Amma indiki reallıq budu ki, Turini tərk etmək qaçılmazdı...
Chosen
31
football-plus.az

1Sources