Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa etdiyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisini yekunlaşdırmaq üzrədir.
AzNews.az bu barədə agentliyə istinadən xəbər verir.
Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır.
I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir.
Yolun texniki göstəriciləri aşağıdakı kimidir:
- Yolun uzunluğu - 81.74 km;
- Yolun texniki dərəcəsi - I;
- Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
- Hərəkət zolağının eni - 3.5 m;
- Torpaq yatağının eni - 21.5-29.5 m;
- Hərəkət hissəsinin eni - 14-21 m;
- Yol çiyinlərinin eni – 1.5-2 m;
- Ayrıcı zolağın eni – 2 m.
Yolun konstruksiyası aşağıdakı kimidir:
- Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı - 23 sm
- Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) - 20 sm
- Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) - 20 sm
- Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) - 16 sm
- Yol geyiminin alt qatı (binder, iridənəli a/b) - 7 sm
- Yol geyiminin üst qatı (xırda dənəli a/b) - 5 sm
Layihə çərçivəsində qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası, asfalt-beton örtüyünün aşınma layına qədər döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.
Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.
Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə (sağ və sol istiqamət) 12 700 metrə yaxındır.