EN

Siyasi partiyalara dövlətdən pul ayrılıb: aylıq 250-300 manat

Azərbaycanda bir sıra partiyalara dövlətdən maliyyə ayrılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentdə təmsil olunmayan partiyalara vəsait ödənilməsinə başlanılıb.

Məlumata görə, siyasi partiyalara vəsait aylıq formada ödənilir. 

Qeyd edək ki, bu il dövlət büdcəsindən siyasi partiyalara 6 milyon vəsait ayrılması nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, artıq parlamentdə təmsil olunmayan partiyalara da vəsait ayrılır.

Partiyalar saytımıza açıqlamasında da vəsait ayrılmasını təsdiqləyib. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, cari rübdə ayda təqribən 280 manat pul vəsaiti köçürülüb.

Ağ Partiyasının sədri Tural Abbaslı isə deyib ki, birinci rübdə ayrılan vəsaiti aylara böləndə təxminən 300 manat vəsait düşür. "Parlamentdə təmsil olunmayan partiyalara ayrılan vəsait azdan azdır. Bu nəinki partiyanın, partiyanın rayon təşkilatının 15 günlük xərci etmir. Keçən ilin hesablamalarına görə vəsait verilib. Yeni hesablamalara görə verəndə görək, nə  qədər olacaq. Uzaqbaşı aylıq 2-3 min olsun. Bu pula ölkə üzrə partiya saxlamaq olar? Əvvəl heç maliyyə ayırmırdılar. Heç olmasa indi kargüzarlığın, kommunal xidmətlərini, internetin pulunu ödəyir".

Haqq Ədalət Partiyasının sədr müavini Rəşad Abbaslı isə partiyaya vəsait daxil olmadığını deyib.

Xatırladaq ki, 2023-cü ildə qüvvəyə minən “Siyasi partiyalar haqqında" qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və seçkilərdə səs qazana bilən bütün partiyalar dövlətdən yardım ala biləcək.

Sözügedən qanuna əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi seçkilərdə iştirak edib səs toplayan, ancaq parlamentə düşə bilməyən partiyalara ayrılacaq. Yəni, 2025-ci ildə 15 siyasi partiyaya təxminən 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Vəsaitin yarısı partiyalar arasında bərabər (hər bir partiyada 10 min manatdan artıq), yarısı isə parlament seçkilərində topladıqları səsə əsasən bölünəcək.

Chosen
9
modern.az

1Sources