ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyası, çətin ki, Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiyada olduğu kimi, Ermənistanla ikitərəfli münasibətlərdə eyni fəallığı göstərsin.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Amerika Araşdırmaları Mərkəzinin direktoru, politoloq Suren Sarkisyan jurnalistlərlə görüşündə deyib.
Erməni ekspert iddia edib ki, guya Bayden Cənubi Qafqaz bölgəsinin xüsusiyyətlərini daha yaxşı başa düşürdü və onun yanaşması “daha dərin” idi: “Ümumiyyətlə, onun hələ ilk dövrlərdən ermənilərlə kifayət qədər yaxşı əlaqələri var idi. O, senator kimi ABŞ tarixinin ən ermənipərəst siyasi xadimlərindən biri hesab olunurdu. Ona görə də məlumatlılıq faktı, əlbəttə ki, mühüm rol oynayıb və oynamaqda davam edir”.
Tramp isə, erməni politoloqun fikrincə, region barədə daha az məlumatlıdır. Odur ki, Trampın xarici siyasəti Co Baydenin yürütdüyü siyasətdən çox fərqli olacaq. Üstəlik, bütün istiqamətlərdə və bütün məsələlərdə.
“Onların, fundamental olmasa da, ən azı çox əhəmiyyətli fikir ayrılıqları var”, - deyə politoloq vurğulayıb və əlavə edib ki, bu kursdakı fərq yaxın həftələrdə daha çox özünü göstərəcək.
“AzPolitika.info”