EN

“Apple”dan yeni ağıllı eynəklər - "Meta"nın "Ray-Ban"ına rəqib

"Apple" qarışıq reallıq eynəkləri ilə yanaşı, "Meta"nın "Ray-Ban" eynəklərinə də rəqib olmağı planlaşdırır.

Valyuta.az xəbər verir ki, "Vision Pro" məhsulundan gözlədiyi uğuru əldə edə bilməyən şirkət indi artırılmış reallıq (AR) eynəklərinə yönəlib. "Bloomberg" agentliyinin məlumatına görə, "Apple" ağıllı eynəklər üçün bir neçə ideya üzərində çalışır. Bu eynəklərin inkişaf etmiş AR optikaları ilə təchiz olunacağı, lakin mürəkkəb ekran qurğusuna malik olmayacağı bildirilib.

Mark Qurman "PowerOn" bülletenində qeyd edir ki, "Apple" hazırda "Vision Pro"nun proqram təminatı olan visionOS-in eynəklərdə işləyəcək bir versiyası üzərində çalışır. Şirkət son zamanlarda "Atlas" adlı bir daxili proqram ilə diqqət mərkəzinə düşüb. Bu proqram işçilərdən ağıllı eynək bazarı və onun potensialı haqqında rəylər toplamağı hədəfləyir. Məqsəd "Apple"ın istehsal edəcəyi ağıllı eynəklərdə hansı xüsusiyyətlərin və üstünlüklərin yer almalı olduğunu müəyyənləşdirməkdir.

"Apple", qarışıq reallıq eynəkləri ilə yanaşı, "Meta"nın "Ray-Ban" eynəklərinə də rəqib olmaq istəyir. Bu kontekstdə şirkət müxtəlif ideyaları dəyərləndirir və kamera ilə təchiz edilmiş "AirPods" məhsulu üzərində də tədqiqatlar aparır. Eyni zamanda, "Meta" canlı süni intellekt, canlı tərcümə və "Shazam" funksiyaları ilə zənginləşdirdiyi "Ray-Ban" ağıllı eynəkləri ilə bazarda fərqlənir. Bundan əlavə, "Meta"nın "Orion AR" adlı artırılmış reallıq eynəkləri də böyük marağa səbəb olub.

"Apple"ın "OpenAI" ilə əməkdaşlıq ehtimalları "Meta"nın bu sahədəki sürətinə çatmaq şansını artırır. "Apple Intelligence" və "Visual Intelligence" dəstəyi ilə şirkət, cihazlardakı kamera sensorlarını bir araya gətirərək "Meta"nın ağıllı eynəklərinə rəqib ola biləcək bir məhsul təqdim edə bilər. Lakin "Apple"ın ağıllı eynəklərinin nə vaxt satışa çıxarılacağı hələlik məlum deyil.

Əvəz Həsənov

Chosen
17
50
valyuta.az

10Sources