ABŞ Prezidenti Donald Tramp ilk baxışdan qəribə açıqlama ilə çıxış edib. Ağ Evin yeni sahibi Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Trampın bu təklifinin səbəbi Qəzzada salamat bina qalmaması, insanların bu şəhərdə yaşamaları üçün heç bir şəraitin olmaması ilə bağlıdır:
“Böyük dövlətlərin Qəzzanın yenidən qurulması üçün milyardlarla dollar ayıracağı isə sual altındadır. Çünki İsrail ordusunun gələcəkdə Qəzzanı bombalamayacağına dair təminat yoxdur. İordaniya onsuz da uzun onilliklərdir ki, ölkədə 2 milyondan çox fələstinliyə sığınacaq verib. Ancaq bu o demək deyil ki, Misir və ya İordaniya bəri başdan təklifi rədd ediblər. Misirin xarici borcu yüz milyardlarla dollardır. Bu borcun silinməsi qarşılığında Qahirənin fələstinlilərin bir hissəsini qəbul etməsi ehtimalı var. Misal üçün Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının 2017-ci ildə Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib. Aydındır ki, Qahirə bu hədiyyənin qarşılığında maliyyə əldə edib.
Qəzza əhalisinin başqa dövlətlərdən birinə köçürülməsi İsrailin də işini rahatladacaq. Ancaq bu qısa müddətdə həll olunası məsələ deyil”.