EN

Mediasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

Tbilisi, 28 yanvar, AZƏRTAC

Tbilisidə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin rəhbər heyəti yanvarın 27-də Gürcüstan Ədliyyə Nazirliyində görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstan Ədliyyə Nazirliyinin departament rəhbərləri, Azərbaycan Mediasiya Şurasının sədri Nadir Adilov, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru Jandildə Yakupov, Azərbaycan Mediasiya Şurasının İdarə Heyəti sədrinin müşaviri Cavid Hüseynov iştirak ediblər. Görüş çərçivəsində mediasiya institutunun inkişafı, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları, hüquqi tənzimləmə mexanizmləri, birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüşdə Gürcüstan tərəfi ölkədə mediasiya sisteminin formalaşması və tətbiqi barədə məlumat verib. Azərbaycan tərəfi də ölkədə mediasiya institutunun inkişafı ilə bağlı görülən işlər, həyata keçirilən hüquqi islahatlar və mediasiya sisteminin daha da təkmilləşdirilməsi üçün atılan addımlar haqqında məlumat verib.

Eyni zamanda, görüşdə tərəflər Sinqapur Konvensiyası və onun mediasiya sahəsində beynəlxalq əməkdaşlığa təsiri haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi konvensiyaya qoşulmaq məsələsini nəzərdən keçirdiyini və bu istiqamətdə aparılan təhlillərin davam etdiyini bildirib.

Söhbət zamanı Sinqapur Konvensiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib, türk dövlətləri və qonşu ölkələr üçün daha geniş hüquqi mübahisələri əhatə edən yeni bir regional mediasiya konvensiyasının hazırlanmasının vacibliyi vurğulanıb. Bu yeni konvensiyanın kommersiya mübahisələri ilə yanaşı, daha geniş hüquqi problemlərin həllini də əhatə etməsi təklif olunub. Bununla yanaşı, mediasiyanın gənclər arasında təşviq edilməsi və bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsi də müzakirə mövzusu olub. Hüquq fakültələrinin tələbələri üçün mediasiya sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş birgə proqramların təşkil olunması təklif edilib. Bu təşəbbüs çərçivəsində tələbələrin mediasiya mexanizmləri ilə yaxından tanış olması, praktiki biliklər əldə etməsi və gələcəkdə mediasiyanın inkişafına töhfə verməsi hədəflənir. Görüşdə, həmçinin mediasiya institutunun inkişafına ehtiyacı olan qonşu ölkələrə dəstək vermək məsələsi müzakirə edilib.

Sonra Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan mediasiya qurumlarının rəhbərləri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
7
6
azertag.az

10Sources