EN

“Böyük manipulyator”

Mark Endeveld

(əvvəli qəzetin ötən saylarında) 

Yelisey sarayında pərdəarxası müharibə

Belə bir kontekstdə hər işə burnunu soxan, hamıya göstəriş verən, sözün əsl mənasında, sarayda özünü kraliça kimi aparan Brijit Makronla prezidentin gənc xüsusi müşaviri İsmael Emelien arasında gərginlik yaranır. Əslində, bu gərginlik onların arasında çoxdan hökm sürür – bu iki adam heç vaxt bir-birini sevməyib. Onların ikisi də siyasi və emosional tərəfdən Emmanuel Makronla yaxın olduqlarından, biri digərini prezidentə qısqanır. “Heç bilmirəm Emmanuel bu İsmael Emeliendə nə görüb?”, – deyə Brijit Makron müntəzəm olaraq yaxın dostlarının arasında Emelienin kölgəsini qılınclayır. İqtisadiyyat Nazirliyinə siyasi müşavir kimi gələn gündən İsmael Emelien istədi-istəmədi Makronun arvadı ilə dil tapmalıydı, ancaq alınmadı. 2016-cı ilin əvvəlindən Brijit Makron İsmael Emelienin yerinə adam axtarır ki, onu nazirlikdən uzaqlaşdırıb, təzəlikcə yaranan “Hərəkətdə!” hərəkatına göndərsin. Bundan sonra “Publicis” şirkətinin rəhbəri Moris Levi Makron cütlüyünə məsləhət görür ki, onda İsmael Emelienin yerinə əvvəllər LVMH firmasında və Bollore qrupunda çalışmış Silvan Fortu siyasi müşavir təyin etsin. Beləliklə, gələcək birinci xanımla yeni müşavir arasında yaxşı münasibətlər yaranır... ancaq hələlik.

Yelisey sarayının “Dialoq və xatirə” üzrə xüsusi müşaviri təyin olunmamışdan əvvəl Silvan Fort, gələcək prezidentin namizədlik kampaniyasına mətbuat direktoru kimi qoşulur. O zaman gələcək birinci xanım onun intellektual baqajına və 
klassik mədəniyyətinə vurulur. Gəncliyində opera müğənnisi olan Fort, həm prestijli Normal Yüksək Məktəbinin məzunu, həm də Almaniya mədəniyyəti və tarixi üzrə gözəl mütəxəssisdir. Onun siyasi profili sağçıdır. 2011-ci ildə bu adam Nikola Sarkozinin ali təhsil naziri, Patrik Buissonun (2007-2018-ci illərdə Milli tələbələr Federasiyasının vitse-prezidenti) sevimlisi Loran Voqiyez ilə yaxınlıq edib. Həmin il o, “Vivendi” şirkətinin kiçik “Fortu qrupuna” daxil olur ki, Nikola Sarkozinin ikinci dəfə prezident seçilməsinə dəstək olsun. Bu qrupda o, sağçılar partiyasından olan məşhur animator Qiyyom Peltiye ilə Nikola Sarkozinin “sağ əli”, onun çıxışlarını yazan Kamiy Paskal, eləcə də TF1 televiziya kanalının iki keçmiş jurnalisti Şarl Vilnöv və Etiən Muqot ilə tanış olur. Ancaq Sivan Fortun indiki seçimi o qədər də təəccüblü deyil. 2016-cı ilin iyul ayında Emmanuel Makron mətbuat xidmətində çalışan Robert Zaraderə etiraf edir ki: “Kampaniyamız ancaq sağçıların köməyi ilə qalib gələcək...”. Bir neçə həftə sonra Makron sifətində riyakar bir təbəssümlə Püy dü Fu şəhərinə gedib Filip dö Vilye (yazıçı, siyasi xadim, Avropa deputatı, 1994-2018-ci illərdə Fransa hərəkatı partiyasının baş katibi) ilə görüşür. Belə çıxır ki, gələcək prezident, vitse-prezident tərəfindən mükəmməl şəkildə təlim alıb.

Brijit Makron ilə İsmael Emelien arasında müharibə hələ də bitməyib. 2016-cı ilin payızında bu missiya icraçısı seçicilərlə sorğu-sualdan sonra öz qəhrəmanına (Makron) yaxınlaşıb ona tövsiyə edir ki, arvadının ipini bir az yığsın və hər dəfə onu camaatın gözünə soxmasın. 

“... O vaxt Brijit hamı tərəfindən şou göstərən bir artist, ancaq bahalı brend paltarlar geyinən, taxdığı daş-qaşları ilə varlı olduğunu reklam edən bir adam kimi özünü aparırdı...”, – deyə onlara yaxın olan bir adam qeyd edir. Bütün bu atmacalara, bu tənqidlərə baxmayaraq, namizəd Makron həyat yoldaşına heç bir söz demir. Ancaq bununla belə, gələcək prezident xüsusi məsləhətçisi İsmael Emeliendən də ayrılmaq istəmir. Makron, necə deyərlər, iki daş arasında qalır.

Göründüyü kimi, onun iki – biri rəsmi, o biri qeyri-rəsmi – yaxın siyasi məsləhətçisi arasında əsl müharibə gedir: “Hər işə ciddi yanaşan, hər şeyə nəzarət edən Emelien, Brijitin ona dəstək olmamasını, ümumiyyətlə, onu saymamasını həzm edə bilmirdi...”, – deyə cütlüyün yaxın dostlarından biri ovaxtkı təəssüratlarını bizimlə bölüşdü. İş o yerə çatır ki, düşməninə daha ağır xəsarət yetirmək üçün Brijit, qəsdən “Havas” şirkətinin onurğa sütunu, İsmaelin qatı düşməni olan reklam agenti Jak Seqelaya yaxınlaşır. Bu sonuncu, Emelienin dostu və yol göstərəni Stefan Fuks ilə də açıq-aşkar müharibə aparır. Seçkilərin birinci turunun axşamı, namizədin kampaniyasının komandası məşhur “La Rotonde” restoranında (Bu restorana yığışmaq Brijitin ideyası idi) ilk turun nəticəsini bayram edəndə İsmael Emelien gələcək prezidentin nahar etdiyi ikinci mərtəbəyə buraxılmır. (!)

Təbii ki, Brijitin göstərişi ilə. Namizədin arvadı heç vaxt razı ola bilməz ki, kampaniyanın başlanğıcında onu komandadan qovmağı təklif edən hansısa bir missiya icraçısı, birinci turun qalibi ilə bir stol arxasında otursun... Bu azmış kimi bir neçə gün sonra gələcək birinci xanım yaxın bir rəfi qəsinin yanında düşmənindən ərinə yenə də şikayət edir: “İsmael Emelien yalquzaq kimi təkdir. Onun əlindən heç nə gəlmir...”.

Barışıq qonaqlığı

Yelisey sarayında ofislərin neçənci mərtəbədə və harada yerləşməsi, prezidentin kimə yaxın, eləcə də kimin prezidentə yaxın olmağının simvoludur. İsmael Emelien ilə Stefan Fort sarayın qərb cinahındakı mərtəbədə, parlament müşaviri Stefan Sejurnenin kabinetinin yanındakı ofislərdə yerləşdirilir. Brijit Makron özü isə sarayın şərq cinahında, prezident cütlüyünün şəxsi mənzillərinin alt mərtəbəsində yerləşən ofisdə, onun kabinet direktoru Pier-Oliviye Kosta və aparat rəhbəri Tristan Brometin ofislərinin yanında məskən salır. Brijitin yaxın dostu Brüno Rojr-Peti prezidentin müşaviri təyin olunanda, ona təbii ki, birinci xanımın ofisinin yanında kabinet verilir. Bir müddət sonra mətbuat tərəfindən “kampaniyanın təşviqat direktoru” kimi təqdim olunan Jan-Mari Jirie birinci xanım tərəfindən işdən azad olunub Yelisey sarayından qovulur. Niyə, nə səbəbə? Ona görə ki, prezident cütlüyü Yelisey sarayına yenicə köçəndə bu adam Brijit Makrona və onun komandasının üzvlərinə sarayın “yaxşı” mərtəbələrində yer ayırmamışdı. Yeliseydən qovulan Jirie Daxili İşlər Nazirliyində, Jerard Kollombun yanında özünə yeni iş tapacaq. O, vaxtilə Lion şəhər meriyasında Kollombun kabinet direktoru olmuşdu.

Hakimiyyətə gələndən sonra Brijit Makronun sayıqlığı birə beş artır. Və bütün konvensiyalara, bütün protokollara və etiketə zidd olmağına baxmayaraq, prezidentin arvadı bir neçə nazirlə, xüsusilə də milli təhsil naziri Jan-Mişel Blanke ilə birbaşa kontakta girməkdən çəkinmir. Keçmiş fransız dili müəllimi üçün Milli Təhsil Nazirliyi onun şəxsi yaylağıdır. “Emmanuel Makron belə şeylərə tamamilə etinasız yanaşır”, – deyə nazirlərdən biri etiraf edir. “Actes Sud” nəşriyyatının direktoru Fransua Nysseni mədəniyyət naziri təyin etmək Emmanuel Makronun ağlına da gəlməzdi – bunu prezidentə arvadı təklif etmişdi. Brijit onu Franklin küçəsindəki liseydə müəllimə işlədiyi vaxtlardan tanıyırdı. Yelisey sarayına ayaq basandan, birinci xanımın daxilində yalnız bir şey dəyişməyib: onun İsmael Emelienə qarşı nifrəti. 2018-ci ilin yazında Yelisey sarayında onları barışdırmaq üçün dəbdəbəli bir nahar təşkil olunur. Ancaq məclis çox soyuq və darıxdırıcı keçir...

(ardı var)

 

Chosen
6
11
xalqqazeti.az

10Sources