EN

Trampın neft siyasəti: "Qara qızıl"ın qiymətini necə düşürür?

Trampın neftin ucuzlaşdırılması ilə bağlı verdiyi açıqlamalar “qara qızıl”ın dəyərinin tədricən enməsinə səbəb olur. 
 

Sfera.az xəbər verir ki, 2025-ci ilin yanvarın 15-də “Brent” markalı neftin dəyəri 82,5 dollar idi. Trampın açıqlamaları ilə “Brent” nefti son iki həftə ərzində təxminən 6 dollar və ya 7 faizdən çox ucuzlaşaraq 76,6 dollara düşüb. Bu qiymət səviyyəsi son 2-3 ayda müşahidə edilən orta qiymət səviyyəsinə uyğundur. Həmin dövrdə neftin dəyəri 70-76 dollar intervalında dəyişirdi. Lakin son 2 həftənin dinamikası göstərir ki, birjalarda psixoloji təzyiq güclüdür və bu təzyiq nəticəsində neft davamlı ucuzlaşır. Neftin ucuzlaşmaması üçün psixolojı təzyiq dayanmalıdır. Yanvarın 20-dən vəzifəsinin icrasına başlayan Trampın açıqlamaları, verdiyi qərarlar bu təzyiqin zəifləməsinə imkan vermir. 

 

Hələlik, ABŞ dövlət başçısı öz ölkəsində neft hasilatının artırılması üçün tədbirlər görür. Növbəti tədbirlərdən biri kimi o, Alyaska ştatının qorunan ərazilərində neft və qaz hasilatına yenidən icazə verməyi planlaşdırır. Tramp vurğulayıb ki, bu yataqların ehtiyatları bütün Asiyanın tələbatını ödəyə bilər. ABŞ-də neft hasilatının artırılması prosesi Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra güclənib. 2019-ci ildə gündəlik 12,3 milyon barel neft çıxaran ABŞ 2024-cü ildə 13,25 milyon barel neft hasil edib. Ötən ilə aid olan proqnozlara əsasən Amerikada 2025-ci ildə hasilatın 13,5 milyon bareli keçəcəyi təxmin edilir. 

 

2025-ci ilə dair proqnozlar verilən zaman Trampın atacağı addımlar nəzərə alınmamışdı. Yeni tədbirlər də nəzərə alınarsa ABŞ-də gündəlik hasilatın 2025-ci ildə daha çox artması ehtimalı böyükdür. ABŞ hasilatı artırmaqla idxalı azaltmağa nail olur ki, bu da dünyada neft alışını azaldır. 2024-cü ilə aid olan məlumata əsasən, ABŞ-nin gündəlik neft idxalı təxminən 6 milyon barel olub. ABŞ-nin aldığı neft dünya üzrə satılan neftin təxminən 15 faizini təşkil edir.  ABŞ hasilatı artırmaqla həm idxalı azalda bilər, həm də dünya bazarlarına daha böyük həcmdə neft satışa çıxara bilər. Bunun sayəsində neft qiymətlərinin enmə ehtimalı var. 

 

Lakin dünyada neft qiymətlərinə təsir edən əsas ölkə Səudiyyə Ərəbistanı və onun Yaxın Şərqdəki tərəfdaşlarıdır. Əgər ABŞ öz ölkəsində hasilatı artırmaqla yanaşı, Yaxın Şərq ölkələrində də hasilat artımına nail olsa, o halda neftin dəyəri daha da azalacaq. Proseslər göstərir ki, neft bazarındakə vəziyyət məhz bu istiqamətdə dəyişir. 

 

Vasif
 

Chosen
23
9
sfera.az

10Sources