Tərə sağlamlıq üçün ən faydalı bitkilərdən biri hesab olunur. Tərkibində portağaldan daha çox C vitamini, ispanaqdan daha çox dəmir və süddən daha çox kalsium var. Tərəni çiy halda, salatlarda və yeməklərdə istifadə etmək olar. Xüsusilə su tərəsi ləzzətli və faydalı çeşidlərdən biridir.
Yenisabah.az xəbər verir ki, qədim dövrlərdə Hindistanda tərə dərman kimi istifadə olunurdu. ABŞ-nin William Paterson Universitetinin alimləri tərəni qida dəyərinə görə ən faydalı bitki adlandırıblar. Tərkibində manqan, fosfor, maqnezium, kalium, yod və mis kimi minerallar var. Bu xüsusiyyətləri ilə tənəffüs yollarını yumşaldır, öskürəyi kəsir, bəlğəmi aradan qaldırır və bədəndəki zərərli bakteriyaları məhv edir.
Tərə qaraciyər və qan dövranı üçün də faydalıdır. Qanı təmizləyir, şəkər səviyyəsini tənzimləyir və qan azlığının qarşısını alır. Eyni zamanda böyrək daşlarının tökülməsinə kömək edir. Tərə yeyənlərdə saç tökülməsi və kəpək problemləri daha az müşahidə olunur.
Siqaret çəkənlər üçün də tövsiyə olunur, çünki siqaretin zərərlərini azaldır və hüceyrələrin bərpasını dəstəkləyir. Bu xüsusiyyəti ilə xərçəngin qarşısını almağa kömək edən faydalı qidalardan biri hesab edilir. Göz sağlamlığı üçün də təsirli olan tərə, göz xəstəliklərinin riskini azaldır və müalicəni sürətləndirir.
Bununla belə, tərəni həddən artıq istehlak etmək tövsiyə edilmir. Xüsusilə şəkərli diabetdən və allergiyadan əziyyət çəkənlər diqqətli olmalıdır. Bu bitkidən balanslı istifadə etməklə sağlamlıq üçün faydalı təsirlərindən yararlanmaq mümkündür.//E-saglam.az
Telegram kanalımız