EN

Ərdoğanın budəfəki səfəri zamanı Şuşada konsulluğun təməli atılacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək.

Hokm.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ərdoğanın gözlənilən səfəri barədə danışarkən qeyd edib.

Onun sözlərinə görə, Rusiya və İranın Azərbaycana qarşı təxribatları artırdıqları dövrdə ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırması vacibdir.

“Türkiyə Cumhurbaşqanı Azərbaycana səfəri zamanı Xocalıya gedəcək. Bu, Ərdoğanın iştirakı ilə Şuşada Türkiyənin konsulluq xidmətinin açılması üçün yaxşı fürsətdir. Konsulluq üçün böyük bina tələb olunmur. Şuşada olduğum zaman orada müharibədən zərər görməyən ikimərtəbəli evlər gördüm. Onlardan birinin konsulluq üçün münasib yer olacağı qənaətindəyəm. Yox, əgər hazır məkan tapmaq mümkün deyilsə, konsulluq binasının təməlatma mərasiminin keçirilməsi də mümkündür”.

E.Şahinoğlu deyib ki, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət edən və Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirən nazir müavini Mixail Qaluzin ötən ilin iyun ayında açıqlama vermişdi ki, Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir:

“Qaluzin Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını nəzərdə tuturdu. Məlum təyyarə olayından sonra Xankəndidə Rusiyanın konsulluq xidmətinin açılması mümkün deyil. Bakıdakı “Rus evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidəki “konsulluq xidmətini” daha betərinə çevirər. Azərbaycan ərazisində Rusiyaya aid bu kimi mərkəzlərin sayı nə qədər az olarsa, bizim üçün milli və təhlükəsizlik baxımından bir o qədər faydalıdır. Bunun qarşılığında Türkiyə ilə ittifaq gücləndirilməli və Şuşada qardaş dövlətin konsulluq xidmətinin fəaliyyəti təmin edilməlidir. Bu, Azərbaycanın həm də Rusiya və İrandakı mərkəzlərə tutarlı cavabı olar”.

Chosen
3
9
hokm.az

10Sources