Avropaya uçuşlarını Azərbaycan və Türkiyə üzərindən həyata keçirəcək
“Uzbekistan Airways” aviaşirkəti Avropaya uçuşlarında Rusiya ərazisi üzərindən keçidlərdən imtina edib.
"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Şuxrat Xudaykulov bildirib.
Qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa hissəsi üzərindən uçuşları təhlükəli kimi qiymətləndirən hesabatına əsasən qəbul edilib. Yeni uçuş marşrutları Azərbaycan və Türkiyə üzərindən təşkil olunub.
Şirkət rəhbərinin sözlərinə görə, marşrutların dəyişdirilməsi uçuş müddətini 30-40 dəqiqə uzatsa və əlavə xərc yaratsa da, bu vəziyyət fors-major hesab edilir: "Buna görə də sərnişinlər üçün tariflər artırılmayacaq".
Bundan əvvəl, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı-Qroznı aviareysini yerinə yetirən sərnişin təyyarəsinin qəzasından sonra Özbəkistanda vəziyyətin təhlili üçün Baş nazirin rəhbərliyi altında xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibinə Müdafiə Nazirliyi, Nəqliyyat Nazirliyi və digər qurumların nümayəndələri daxil edilib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.