EN

Azərbaycanda bələdiyyə seçkilərini 70 mindən çox yerli müşahidəçi izləyəcək

"Seçkilərin keçirilməsində məsuliyyəti olan dövlət qurumlarını maarifləndirmə tədbirlərinə cəlb edirik”.

Aktual.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, bu praktika özünü doğruldub: "Beynəlxalq təşkilatlar da buna yüksək qiymət verib. Səsvermə prosesində pozuntuların olmaması üçün həmin qurumların çox böyük rolu var. Məsul olan tərəflər öz fəaliyyətini ancaq Məcəllənin tələbinə uyğun qurmalıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsində atılacaq addımların ideala yaxın səviyyəsindəyik. Seçkilərin demokratik, şəffaf keçirilməsinin əsas tələbi müşahidəçilərin iştirakı və media nümayəndələrinə verilən sərbəstlik ilə ölçülür. Hər iki şərt Azərbaycanda təmin edilir. 18 yaşı tamam olan istənilən şəxs müraciət edəndə rədd cavabı almadan müşahidə apara bilər. Məhz bu seçkilərdə 70 625 nəfər yerli müşahidəçi olacaq. Azərbaycan yeganə ölkədir ki, media nümayəndələri heç bir quruma müraciət etmədən seçkini işıqlandıra bilər".

Məzahir Pənahov Azərbaycanda bundan başqa veb-kamera təcrübəsindən istifadə edildiyini və 1000 məntəqədə veb-kameranın quraşdırıldığını xatırladıb: "Heç bir beynəlxalq müşahidə missiyası heç vaxt 1000 məntəqədə əvvəldən axıra müşahidə apara bilməz. Beynəlxalq müşahidəçilər olduğu məntəqələrdə də əvvəldən axıra müşahidə apara bilmirlər, fərqli məntəqələrdə olurlar” .

Chosen
4
1
ulusum.az

10Sources