EN

"Təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin"

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

 

"Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq.

 

Onu da bildirməliyəm ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük", - dövlət başçısı bildirib.

Tarix: 28 Yanvar 2025, 16:00   
Chosen
1
8
pravda.az

10Sources