Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 39 ünvanında yaşayan sakinlər bildiriblər ki, binaya istiliyin verilişi dayandırılıb.
"Ola bilsin ki, 198 mənzilin 150-nin borcu var. Bəs bu yerdə qalanların nə günahı var, axı biz ödənişi etmişik. Bizim qonşumuz var, ona 400 manat borc gəlib. Təqaüdlə dolanan yaşlı adamdır, birdən-birə bu qədər borcu necə versin? Bütün ailə xəstələnmişik, qışın oğlan çağında istiliyi necə kəsmək olar? Görünür, qurum bu borcu 90-cı illərdən hesablayıb. Çünki bizim binaya son 5 ildə istilik verilib. Hər kəsə 300-400-500 manat borc yazılıb. 4-5 ilə bu qədər borc necə yığılıb?" - deyə Sənan Gəncmalıyev soruşub.
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, qeyd edilən ünvanda 176 mənzil var və orada 6-8 mənzil daimi ödəniş edir:
"83 mənzil isə, ümumiyyətlə, ödəniş etməyib, həmin binada borclu sakinlərin ümumi borcu təqribən 32 min manatdır. Belə olan halda əvvəlcədən xəbərdarlıq olunmaqla həmin binanın istilik təminatı dayandırılıb. Sakinlər hissəli ödəniş istəyərlərsə, qrafik tərtib olunar və ona borclu sakinlər imza ata bilərlər, onun əsasında ödəniş edə bilərlər. Biz bu güzəştə də gedə bilərik. Qazanxanaların işləməsi üçün xərclər çəkilir. Əgər bir binanın bu qədər borcu yığılırsa, xidməti necə göstərək? Hissəli də olsa ödəniş edilsin ki, biz də istiliyin verilməsini bərpa edə bilək".