Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
İclasda Komissiya Katibliyinin rəhbəri, İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il Yol Xəritəsi üzrə görülmüş işlərin müzakirəsi aparılıb və 2025-ci il üçün qarşıda duran vəzifələr müəyyən edilib.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev açılış çıxışı edərək biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
Eyni zamanda bildirib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı böyük rol oynayıb. Eyni zamanda rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business ready“ hesabatının internet infrastrukturu ilə bağlı göstəricilərin yaxşılaşdırılmasında İşçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. V.Şıxəliyev bençmarklar əsasında internet infrastrukturunun diaqnostikasının aparıldığını və 2025-ci il üzrə təkmilləşdirilməli sahələrin müəyyən edildiyini diqqətə çatdırıb.
Bildirib ki, bugünkü iclasda əsas məqsədimiz 2025-ci il üzrə qarşıda duran vəzifələri müəyyənləşdirərək növbəti ilin Yol Xəritəsini təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm biznes mühitinə, həm də “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoruna müsbət təsir etsin.
Qeyd edək ki, Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
"Cebheinfo.az"