Qərb dövlətlərinin Gürcüstan hökumətini “Avropa yolu” ilə getməyə inandırmaq üçün sanksiyalardan istifadə etmək cəhdləri ölkənin getdikcə Şərqə meyllənməsinə səbəb olur. Tiflis ilk dəfə Davosda keçirilən iqtisadi forumdan kənarda qalıb, lakin nəqliyyat infrastrukturunun inkişafı üçün ərəb şeyxlərindən milyardlarla dollar cəlb edir. Gürcüstanın logistik imkanları respublikaya kimin nəzarət etməsindən asılı olmayaraq cəlbedici olaraq qalır.
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti infrastrukturun inkişafı üçün Tiflisə 6 milyard dollar birbaşa investisiya cəlb etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçub. O cümlədən, Kobaxidze Əmirliyin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə danışıqlar aparıb. Bundan əlavə, o, əməkdaşlıq memorandumu imzaladığı EMAAR inkişaf şirkətinin rəhbərliyi ilə görüşüb. Gürcüstan hökuməti bildirib: “Diqqət Gürcüstanın əlverişli investisiya mühiti, hökumətin biznesə dəstək proqramları, özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələr və artan ixrac potensialına yönəldilib”. Xatırladaq ki, dövlətləri artıq hərtərəfli iqtisadi əməkdaşlıq haqqında saziş biri-birinə bağlayır. Bunun sayəsində hər iki ölkənin ixrac məhsullarının 95 faizi vergidən azad edilib. BƏƏ də öz bazarını Gürcüstanda istehsal olunan mal və quzu əti, bal, qoz-fındıq, mineral su, meyvə-tərəvəz konservləri, sərinləşdirici içkilər, azot gübrələri və tekstil məhsullarına açıb. “Abu Dhabi Ports Group” Tiflisdən 6 km aralıda Quru Liman tikintisi layihəsində 60% paya malikdir. O, 2025-ci ildə açılacaq və Asiya və Avropa bazarlarını birləşdirən Orta Dəhlizinin mühüm hissəsinə çevrilməlidir. Ancaq Şərqdə “Gürcü Arzusu” hökuməti ümumilikdə yaxşı işləyirsə, o zaman Qərblə ortaq dil tapa bilmir. Xüsusilə, respublikanın hakimiyyət orqanları tarixdə ilk dəfə Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmayıb. İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Levan Davitaşvili bununla bağlı qeyd edib: “Hər dəfə iştirak etdikdə bu, öz qərarımız idi və forumda iştirak edirdik. Bu il o qədər də məhsuldar olmaya bilərdi, ona görə də mövcud vəziyyətə əsaslanan başqa prioritetlərimiz ola bilər”. Bundan əlavə, yanvarın 27-də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Gürcüstanın diplomatik pasportlarının sahibləri üçün viza rejiminin dayandırılması barədə qərarı təsdiqləyib, həmçinin Gürcüstan hökumətinə dəstək üçün ayrılan vəsaitin qeyri-hökumət təşkilatlarına köçürülməsi barədə razılığa gəlib. Gürcüstanın baş naziri İrakli Kobaxidze bununla bağlı qeyd edib: “Avropa İttifaqı Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir”. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti üçün ən vacib olan odur ki, ölkədə sülhə təhlükə yoxdur və diplomatik pasportlarla Avropaya səfərlər sadəcə texniki məsələdir: “Biz Avropa İttifaqına viza ilə və ya vizasız gedə bilərik, fərqi yoxdur. Yeganə vacib olan odur ki, biz ölkəmizdə sülhü və xalqımızın fundamental maraqlarını qorumağa davam etməliyik”. Litvanın xarici işlər naziri Bayba Brazenin izah etdiyi kimi, bu, “Gürcü Arzusu”nun xalqın iradəsinə hörmət etməməsi ilə bağlıdır: “Biz bunu Avropanın gələcəyi və Tiflis küçələrində baş verən nümayişlər baxımından görürük”. Öz növbəsində Fransa və Hollandiyanın xarici işlər nazirləri Gürcüstan hakimiyyətini etirazları yatırmaqda göstərdikləri davranışa görə qınayıblar.
Bununla paralel olaraq, Gürcüstan Milli Bankının rəhbəri Şalva Mxatrişvili də istefa verdiyini açıqlayıb. O, 12 il tənzimləyici orqana rəhbərlik edib və indi BVF-də çalışacaq: “Mən Milli Bankın institusional gücləndirilməsinin tərəfdarı olaraq qalıram, bu dəfə uzaqdan Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda yenidən makroiqtisadiyyat istiqamətində işləməyə davam edəcəyəm”. Baş verənlərlə bağlı politoloq Nika Çitadze qeyd edir: “Beynəlxalq ticarətdən danışarkən nəzərə almaq lazımdır ki, burada əsas subyektlər dövlətlər deyil, özəl şirkətlərdir. Bəli, hökumətlər tariflər barədə razılaşmalı və təhlükəsizliyi təmin etməlidirlər, lakin işin böyük hissəsini biznes görür. Məsələn, ötən il ABŞ bəzi gürcü siyasətçilərinə qarşı sanksiyalar tətbiq etsə də, ölkələr arasında ticarət dövriyyəsi artıb. Bu həm də Gürcüstana Amerika avtomobillərinin tədarükünün artması və sonradan onların Tiflisin ümumiyyətlə diplomatik əlaqələri olmayan Rusiyaya yenidən satılması ilə bağlı olub. Eyni şey Çin və ABŞ üçün də keçərlidir. Onlar bir tərəfdən geosiyasi rəqiblər, digər tərəfdən isə mühüm ticarət tərəfdaşlarıdır. Bu baxımdan, Aİ ilə “Gürcü Arzusu” hökuməti arasında olan fikir ayrılıqlarına görə Orta Dəhliz çətin ki, zərər görsün”. Eyni zamanda ekspertə görə beynəlxalq vəziyyət elə inkişaf edir ki, Gürcüstan Qərb şirkətləri üçün investisiya cəlbediciliyini itirir: “Praktikada bu, yalnız Şərqdən investisiyaların artmasına gətirib çıxaracaq, burada da çoxlu pul var, lakin demokratik inkişaf üçün yüksək tələblər yoxdur. Nəticədə ölkə Avropanın inkişaf yolundan daha da uzaqlaşa bilər”.
Tahir TAĞIYEV