EN

İran azərbaycanlı ailədən əl çəkmir- Yasin Hüseynzadə edam olunsun, olunmasın?..

Image

Səfirliyimizə terror hücumunun arxasında İranın hakimiyyət orqanlarının dayanmasına şübhələr artmaqdadır

Məlum olduğu kimi, 27 yanvar 2023-cü ildə, yerli vaxtla səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum olmuşdu. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdı. 

Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdi. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuş, hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdı.

Artıq hadisənin törədilməsindən iki il vaxt keçib, amma hələ də İranda bu proses üzrə məhkəmələr davam edir. Belə görünür ki, İran cinayəti təsdiq edilmiş Yasin Hüseynzadəni layiqincə cəzalandırmaq istəmir. Ən azı, hökumət Yasin Hüseynzadəni edam cəzasından xilas etməkdə maraqlı görünür. Ortaya sual çıxır, dövlət cinayətkarı niyə himayə edir?

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası açıqlamasında bildirib ki, bütün proseslərdə edam əvəzinə "qan pulu" ödənilməsindən imtina edib, qisas almaq tərəfdarı olduğunu bildirib.

O, terror hücumunu həyata keçiriən şəxsə ölüm hökmü çıxarıldıqdan sonra bildirib ki, İran "qan pulu" müqabilində təqsirkarın əfv təklifini rədd edib və onun edam hökmünün həyata keçirilməsini istəyib.

“Təxminən bir il öncə İranın baş prokurorunun müavini Bakıya səfəri zamanı edam əvəzinə "qan pulu" təklif edib, ancaq biz edamı tələb etdik. Onlar bu təklifi yenidən irəli sürdülər, biz bu dəfə də edamı istəyirik”, - deyə, Orxan Əsgərovun atası bildirib. (Iran International)

Maraqlıdır ki, bu təklifi qatilin vəkilləri və ya qohumları deyil, İranın baş prokurorunun müavini verir. Son israrlı təklif də İranın baş prokurorluğundan gəlib. Bu o deməkdir ki, Yasin Hüseynzadənin əfv edilməsində İran hökuməti maraqlıdır. Nəyə görə hökumət xarici ölkə səfirliyinə hücum edən şəxsin layiq olduğu cəzaya məhkum olmasını istəmir?

Hələ hadisə baş verən günlərdə Azərbaycan mediasında belə bir versiya var idi ki, baş verən terror hadisəsinin arxasında hökumət qüvvələri dayanır. Çünki hadisəni əks etdirən kamera çəklişlərindən aydın görünür ki, səfirliyi mühafizə etməli olan polis terrorçuya heç bir reaksiya vermir, əksinə, hadisə yerindən uzaqlaşır. Digər tərəfdən, ölkənin paytaxtında yarım saat xarici ölkə səfirliyinə qarşı hücum davam edir, bu müddət ərzində hüquq-mühafizə orqanlarından prosesə heç bir müdaxilə edilmir, heç bir tədbir görülmür. İran hökuməti həmin vaxt bu suala heç bir izahat vermədi. Tehranda Daxili İşlər Nazirliyindən Azərbaycan səfirliyinə avtomobillə 2-3 dəqiqəyə çatmaq mümkündür. Bəs necə olur ki, yarım saat ərzində terrorçu silahını yerə qoyub, arxayın şəkildə səfirlik binasının qapısını xüsusi alətlə sındırır və silahı gıtürub səfirliyi gülləbaran edir, amma hüquq-mühafizə orqanları ortalıqda gözə dəymir? Bu necə ola bilər? Səfirliyə hücum mümkün olan haldır, bu hər an baş verə bilər, amna terrorçunun bu cür arxayın uzun müddət işləməsi çox ciddi şübhə doğururdu. Dünyanın heç bir yerində son 10 ildə səfirliyə silahlı hücum 7-8 dəqiqədən çox çəkməyib. Dərhal hüquq-mühafizə orqanları hücumçunu zərərsizləşdiriblər. Bu hadisədə isə proses yarım saata qədər davam edir, üstəgəl, hücumçu hüquq-mühafizə orqanları tərəfindən vurulub məhv edilmir, sadəcə tərksilah edilir. Hüquq-mühafizə orqanlarında əminlik hardan idi ki, Yasin Hüseynzadə əlindəki avtomatla onlara atəş açmayacaq? Belə hallarda təlimat hücumçunu məhv edərək zərərsizləşdirməkdir. Amma bu baş vermir.

Sonda isə hökumət israrla təkid edir ki, Yasin Hüseynzadəni qətlə yetirilmiş şəxsin varisi əfv etsin, onu "qan pulu" müqabilində bağışlasın. Hər gün İranda onlarla şəxs heç qohumlarına xəbər verilmədən belə edam edilir. Ən azı bu barədə mediada təkzib edilməyən yüzlərlə informasiya var. Belədə isə dövlətin işgüzar reytinqinə zərbə vuran birisini hökumət ölümdən xilas etmək istəyir. Xeyir ola?..

Hadisə zamanı hüquq-mühafizə orqanlarının hadisə yerinə kifayət qədər gec gəlməsi, terrorçunu məhv etmədən tərksilah etməsi, istintaqın və məhkəmə prosesinin 2 il uzadılması və hökumətin Yasin Hüseynzadəni edamdan xilas etməkdə israrlı olması onu deməyə əsas verir ki, səfirliyimizə edilən hücumun arxasında İranın hakimiyyət orqanları dayanıb.

Akif NƏSİRLİ





Chosen
6
baki-xeber.com

1Sources