Şabran rayonunun Zeyvə kəndində beşyaşlı uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çağırış 26 yanvar, saat 12:00-da daxil olub.
"Çağırışa əsasən, 2019-cu il təvəllüdlü şəxsə (kişi cinsli) yardım göstərilməsi məqsədilə təcili yardım briqadası hadisə yerinə yola düşüb. Lakin briqada hadisə yerinə çatdığı zaman həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
Şabran rayonunun Zeyvə kəndində beşyaşlı Elmar Bayramov qəfildən vəfat edib.
News24.az hadisənin təfərrüatını öyrənib.
Hadisə ilə bağlı açıqlamasında Elmarın məktəbəhazırlıq hazırlıq qrupunda təhsil aldığı Zeyvə kənd tam orta məktəbinin direktoru Amid Quliyev bildirib ki, uşaq bazar günü evdə oynayarkən qəfildən halı pisləşib.
"Hadisə günorta vaxtı olub. Uşaq evdə telefonla oynayırmış. Valideynləri çatdırıblar Şabran Rayon Mərkəzi Xəstəxanasına. Orada bildirilib ki, uşağın ölüm səbəbi ani ürəktutması olub. Kürəyinin arasında da göyərmə olub. Valideynlərinin sözlərinə görə, indiyədək Elmarın hər hansı xəstəliyi olmayıb. Onun böyük qardaşı bizdə 8-ci sinifdə oxuyur, ortancıl qardaşının isə 8-9 yaşı olar, iflicdir deyə təhsilə cəlb olunmayıb", - deyə məktəbin direktoru bildirib.
Uşağın əmisi Elçin Bayramov da Oxu.Az-a açıqlamasında uşağın ürək çatışmazlığından vəfat etdiyini bildirib.
"Elmarın heç bir xəstəliyi olmayıb. Ortancıl qardaşı xəstədir, anadangəlmə iflicdir, böyük qardaşının da heç bir xəstəliyi yoxdur. Həmin gün də evdə olublar. Qardaşı bir də baxıb ki, uşağın halı dəyişib. Çağırıb hamını, aparıblar xəstəxanaya, orada ürək çatışmazlığından dünyasını dəyişib", - deyə əmisi bildirib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu verilib.\\oxu.az