EN

Bu il ilk dəfə Cənub Qaz Dəhlizinin səhmləri üzrə dividendlər Neft Fonduna ödəniləcək

Cari il ilk dəfə olaraq Cənub Qaz Dəhlizi (CQD) QSC-nin dövlətə məxsus səhmləri üzrə dividendləri (233,1 mln ABŞ dolları və ya 396,2 mln manat) Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) ödəniləcək.

"APA-Economics" xəbər verir ki, bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

Qeyd edilib ki, eyni zamanda “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsi üzrə isə dividend ödənişlərinin 2026-ci ildən etibarən icra edilməsi nəzərdə tutulub.

Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 nömrəli Sərəncamının 1.1. bəndinin icrasına uyğun olaraq səhmlərinin 51 faizi dövlət mülkiyyətidə, 49 faizi isə ARDNŞ-ə məxsus CQD QSC yaradılmış, Sərəncamın 4-cü bəndinə əsasən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividentlərin ARDNF-yə köçürülməsi müəyyən edilib.

Eyni zamanda, “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2013-cü il tarixli Sərəncamının icrasına uyğun olaraq STAR layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən təmin edilmişdir. Həmin Sərəncama əsasən səhmlərinin 40% dövlət mülkiyyətində olan Səhmdar Cəmiyyəti təsis edilmiş və Sərəncamın 3- cü bəndinə uyğun olaraq həmin səhmlərin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividentlərin ARDNF-yə köçürülməsi müəyyən edilib.

Chosen
10
4
apa.az

10Sources