EN

AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?

“Biz hazırda Rusiyanın Amur vilayətində nəhəng qaz emalı zavodu tikirik. İşçilərin əksəriyyəti azərbaycanlılardır. Tovuz, Şəmkir bölgəsindən daha çoxdur, sayları yüzlərlədir. Hava çox soyuqdur, bəzən 40 dərəcə şaxtada işləməyə məcburuq, amma geyim, qida, təminat, təhlükəsizlik yaxşı səviyyədədir. Azərbayandakı əməkhaqqı ilə müqayisədə yaxşı maaş alırıq. Hər ayın ortasında maaşlarımız verilir, dollarla hesablanır, rublun gündəlik kursuna uyğun kartlarımıza köçürülür”.

Bunu “AzPolitika”-nın əməkdaşı ilə söhbətində Rusiyanın adıçəkilən şəhərində çalışan Şəmkir sakini Rəşad Dadaşov deyib.

Xatırladaq ki, Azərbayan mediasında vətəndaşların Rusiyanın hərbi sənaye kompleksində ağır, insan sağlamlığı üçün zərərli işlərə cəlb edilməsi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bir qrup həmyerlimiz Tatarıstanda fəaliyyət göstərən dron zavodunda ağır əməyə cəlb edilib. Onları aldadıb gətirirlər, daha sonra aşağı əməkhaqqı və təhlükəli şəraitdə çalışmağa məcbur edirlər.

“Heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir”

Həmsöhbətimiz Rusiyanın başqa şəhərlərində də azərbayanlıların kütləvi şəkildə çalışdığını təsdiqləyir: “Tümendə, Çelyabinskdə, Moskva ətrafındakı kiçik şəhərlərdə və başqa yerlərdə çalışanlar haqda məlumatım var. Onu bilirəm ki, heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir. Azərbaycanda iş yoxdur, xüsusən rayonlarda gənclərin məşğuliyyət tapması çətindir. Əvvəl əkin, mal-qara saxlamaqla dolanmaq olurdu, neçə ildir o da camaatın əlindən çıxıb. Çıxış yolu Rusiyada belə işlər tapıb çalışmaqdır”.

R.Dadaşov deyir ki, onunla bərabər işləyənlərin bir çoxu Rusiya bazarlarında alverlə məşğul olub, amma indi bazarda pul qazanmaq çətin məsələdir: “Yəqin xəbəriniz var, miqrasiya qaydalarını sərtləşdiriblər, patentin (işləmək icazəsi) aylıq bizim pulla 200 manata çıxır. Rubl dəyərdən düşüb, Rusiyada yaşamaq, kirayə qalmaq bahalaşıb, daha əvvəlki kimi ruslarda da pul yoxdur. Ancaq ərzaq satılır. Ona görə ticarətlə məşğul olmaq sərf eləmir, məcbur qalıb belə işlərdə çalışırıq”.

1Sources