EN

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.

AzNews.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib.

Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.

Tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.

Bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Qeyd olunub ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına qədər investisiya yatırıb.

Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.

Chosen
6
19
aznews.az

10Sources