EN

“Hətta sülh sazişi imzalansa belə, delimitasiyanın neçə il çəkəcəyini demək çətindir”

“Aydındır ki, bu, sivil missiyadır, lakin onun içində kəşfiyyatçılar və hərbçilər də var".

Bunu "Yeni Sabah"a Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.

O, Ermənistanda Aİ müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmasını şərh edib:

“İstər delimitasiya-demarkasiya, istərsə də sülh müqaviləsi olsdun, hər ikisi vacibdir. Hər iki prosesin tamamlanması Ermənistan üçün daha önəmlidir.

Hazırda gündəmdə bir sıra məsələlər var və Ermənistan təkliflərimizi bilir. Amma bu il ərzində hər hansı bir irəliləyişin olub-olmayacağını zaman göstərəcək".

F. Şəfiyev fikrinin davamında əlavə edib: "O ki qaldı Avrupa İttifaqı missiyasının vaxtının uzadılmasına, bu haqda Prezident Əliyev danışıb. İndi bu məsələ daha 2 il uzadılıb.

Fikrimcə, Azərbaycan üçün burada bir sıra element vacibdir. Birincisi, 30 il ərzində sərhədlər işğal altında idi və Avropa İttifaqı bununla bağlı hər hansı bir hərəkət etməyib. İndi, ərazilərimiz işğaldan azad edildikdən sonra onlar Ermənistan tərəfindədir.

Bu missiyanın mahiyyəti Ermənistanı qorumaqdır. Sual meydana çıxır ki, onlar Ermənistanı kimdən qoruyur? Ermənistan işğalçı dövlətdir və missiyanın bu formada fəaliyyət göstərməsi o deməkdir ki, Aİ faktiki olaraq, işğalçının tərəfindədir.

İkincisi, məsələni Azərbaycana qarşı kampaniya kimi istifadə edirlər. Təbii ki, bu, normallaşma prosesinə heç də müsbət təkan vermir. Aydındır ki, Aİ müşahidəçiləri qrupu sivil missiyadır, lakin onun içində kəşfiyyatçılar və hərbçilər də var. Bunu yaxşı bilirik.

Digər tərəfdən, həmin missiyaya Kanada da cəlb edilib və faktiki olaraq o, NATO tipli missiyaya çevrilib. Aydındır ki, bu missiya hərbi cəhətdən bizə hər hansı bir təhlükə yaratmır. Bununla bağlı tələbimiz var və görünən odur ki, bu şərtlər altında sülh sazişi imzalanmayacaq".

Politoloq delimitasiya məsələsinə xüssusi vurğu edib:

"Delimitasiya uzun illərlə davam edəcək prosesdir və burada mübahisəli məsələlər var. Hətta sülh sazişi imzalansa belə, delimitasiya prosesinin neçə il çəkəcəyini demək çətindir. Məsələn, Rusiya ilə bu prosesi Azərbaycan 20 ilə bitirdi. Gürcüstanla isə 30 faiz tamamlanmayıb və bu proses dondurulub”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
4
17
yenisabah.az

10Sources