EN

“Azərbaycanın yüksək mədəniyyətli vətəndaşı” innovativ layihəsinin icrasına başlanılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycanın yüksək mədəniyyətli vətəndaşı” adlı innovativ layihənin təqdimatı keçirilib və layihə çərçivəsində ilk mədəniyyətşünaslıq elmi oxuları təşkil edilib.

ANNSU-dan AZƏRTAC-a bildirilib ki, layihə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkənin yeni sosial-mədəni strategiyasının həyata keçirilməsinə vətəndaş töhfəsi vermək məqsədilə icra olunur. Bundan əlavə, layihə çərçivəsində dövlət məmurlarına, pedaqoqlara, müəllim və tərbiyəçilərə, jurnalistlərə, muzey və kitabxana işçilərinə, gənclər və qadın QHT-lərinə, tibb müəssisələrinin əməkdaşlarına mədəniyyətşünaslıq üzrə ustad dərsləri, mühazirələr və təlimlər keçiriləcək. Bu strategiya Azərbaycan xalqının mənəvi, intellektual və əxlaqi mədəniyyətinin inkişafında yeni mərhələyə nail olmağa yönəlib.

Layihənin əsas məqsədinin yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasına vətəndaş dəstəyi göstərmək olduğunu bildirən tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov layihə çərçivəsində ustad dərsi keçib. Dərs zamanı 35 il ərzində toplanmış universal mədəniyyətşünaslıq biliklərini əks etdirən, müxtəlif anlayış və sxemləri ehtiva edən 100-dən çox slayd nümayiş olunub.

Azərbaycan alimlərinin dünya mədəniyyətşünaslığına töhfəsinə həsr olunmuş maraqlı məruzə ilə Azərbaycan Mədəniyyətşünaslar Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Minixanım Əsədli çıxış edib. Siyasi mədəniyyət tarixi, dövlət idarəçiliyi və dövlət qulluğunun mədəni xüsusiyyətlərinə dair təhlil isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilən təlimdə yer alıb. Layihənin rəhbəri “Simurq” AMA Rəyasət Heyətinin məsul katibi Leyla Hacıyevadır.

Layihə Bakı və ölkənin digər regionlarını da əhatə edəcək. İştirakçılar mədəniyyət, sivilizasiya və mədəniyyətşünaslıq üzrə yeni elmi biliklər əldə etməklə intellektual potensiallarını artırmaq imkanı qazanacaqlar. Onlar mədəni dəyərlər, intellektual, etik, hüquqi, idarəetmə, siyasi, ekoloji, dini mədəniyyət, əməyə münasibət, peşə etikası və məsuliyyət mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri barədə daha geniş anlayış əldə edəcəklər. Bundan əlavə, iştirakçılar mədəniyyətşünaslığın insan inkişafında, yaşanılan cəmiyyətin və güclü dövlətin formalaşmasında, təhsil sisteminin təkmilləşdirilməsində, eləcə də dövrün dəyişiklik və çağırışlarının yaratdığı davamlı mədəni transformasiyaların həyata keçirilməsində əvəzolunmaz kreativ rolunu dərk edəcəklər.

Mədəniyyətşünaslıq elmi oxularını uğurla tamamlayan iştirakçılar “Azərbaycanın yüksək mədəniyyətli vətəndaşı” sertifikatı və “Simurq” AMA-nın yeni mədəniyyətşünaslıq monoqrafiyası – “Yüksək mədəniyyətli insan” kitabı ilə təltif olunacaqlar.

Chosen
17
1
tehsil.biz

10Sources