EN

Ruhun qürbətini yaşayan şair - Orhan Aras haqqında

Kulis.az Günel Natiqin Orhan Arasın yaradıcılığı haqqında yazdığı yazını təqdim edir.

“İnsan başqasının həyatının oxucusu deyil, öz həyatının yazıçısı olmalıdır”.

Bu ifadənin müasir Türk ədəbiyyatının tanınmış yazıçısı Orhan Arasla birbaşa əlaqəsi var. Şair, yazıçı, tədqiqatçı Orhan Aras 1963-cü ildə İğdırda anadan olub. İbtidai və orta təhsilini İğdırda, ali təhsilini isə Artvin, Qars və Ərzurumda tamamlayıb.

Alman dilində əsərlər yazan azərbaycanlı yazıçı Əsəd Bəy haqqında Berlində apardığı araşdırma və çap etdirdiyi “Əsəd Bəyin həyatı və jurnalistikası” adlı araşdırması ilə ədəbiyyat elmləri doktoru adını alıb.

Hazırda Almaniyada yaşayan və Almaniya Yazıçılar Birliyinin üzvü Orhan Aras həm də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Almaniyada nəşr olunan “Reference” jurnalının baş redaktorudur.

Orhan Arasın türk, alman və Azərbaycan türkcəsində çap olunmuş müxtəlif romanları, şeirləri və esse kitabları var. Əsərlərində cəmiyyətin həyatını, insanların həm fərdi, həm də sosial vəziyyətindən doğan mənəvi böhranları məharətlə işləyib. Yazıçının qələmə aldığı obrazlar, xarakterlər, onların təqdimatı yalnız bədii deyil, həm də sosial və fəlsəfi aspektləri əhatə edir.

Orxan bəyin məşhur əsərlərindən biri də “Son cənnət” romanıdır. “Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Yazıçının ədəbi dünyada ən sevilən qəhrəmanlardan biri Can altmışıncı, yetmişinci, səksəninci illər Türkiyəsinin "aldanmış" gəncliyinin bir simvoludur həm də. Anadolunun ucqar kəndindən yol alıb qaçaq kimi İrana, oradan da Almaniyaya sığınan, Şərqin"Məcnun", "Kərəm", "Fərhad" ruhunu qəlbində daşıyanCan Qərbin soyuq, laqeyd havasına alışa bilmir.

Orhan Aras şeirlərində də qürbətdən yazır. Bir var, gerçək qürbət, bir də var, ruhun qürbəti. Ruhun qürbətini ən dərin yaşayanlar şairlərdəndir Orhan Aras.

Gecə xain,
Qaranlığın qoynunda
Sənin qoynunda…
Saat ikini vurur...
Ürəyin çoban ulduzu,
Ta uzaqlarda...
ürəyin sərsəm, ürəyin sevdalı...
Ayrılıq qan qusdurur!
Söyüd budağında tək
Bir sərçə kimi durmusan!
Bir səs sönən ulduz kimi sənə pıçıldayar,
"Nə olar, ağlama!”
Gecə qaralmış güldür
Gözlərində tüstü....
Yarim qalmış bir yuxuda
Yozulmamış bir röya…
Od kimi yanırsan...
Ürəyin bıçaq-bıçaq dəlinib
Nil kimi axırsan
Başdan başa qansan!
Bir səs sönən ulduz kimi səni pıçıldayar
"Nə olar, ağlama!"
Gecə saralmış bir çöhrə kimi
Çöldə yanıqlı bir türkü səslənir
Pərdələr Çin divarı köksündə
Gözləmək, ölüm kimi səssiz və çarəsiz
Tökülür bir ümmana göz yaşların
Yuyunursan çiçəklərin tozunda,
Durulursan!
Bər səs sönən ulduz kimi sənə pıçıldayar
"Nə olar, ağlama!"
Gecə qəzəbli bir ilandır boynunda
Sözlərin eşqdə gizlənir
Müqavimətin taleyində asılmış xəncər
Ağızda atom bombası
Gələcək qırılmış bir ümiddir
Yorulmaq igidlik deyil, amma
yorulursan
Bir səs sönən ulduz kimi sənə pıçıldayar
"Nə olar, ağlama!!"
Gecə aşmış bir Xəyyam şüşəsi
Yastığın dağ zirvəsi
Don Kixotun dilemması köksündə
Ovucların qan içir.
Qəddi bükülmüş dəyirman daşında…
Bir xain qurşun girir beyninə
Vurularsan!
Bir səs sönən ulduz kimi sənə pıçıldayar
"Nə olar, ağlama!"
Gecə kədərin dumanlı qum fırtınasıdır
Məmləkət axar tərindən!
Ah, bura həsrətin iynənin ucu,
Dikəlir yavaş-yavaş...
Ah, burda sənin dirliyin, göz bəbəyin,
İstanbul...
Artıq qovuşursan!
Bir səs sönən ulduz kimi sənə pıçıldayar
"Nə olar, ağlama!"
Gecə, min illik dərdli viranə
Buludlar dəli qısraq yalı…
göy süzgəc
Dilində bir gənclik duası...
Yalqızlıq divlər ölkəsi,
Minarələr Bilala küskün.
Üfüqlər səni çağırır
Sən oxu!
Bir səs sönən ulduz kimi sənə pıçıldayar
"Nə olar, xahiş edirəm, ağlama!"

Orhan Arasın Almaniya Yazıçılar Birliyinin üzvü olmağı, həm də onun söz adamı kimi sənət dünyasında təsdiqidir. Sənət bəşəriyyətə, insanlığa xidmət etməlidir. Orhan Arasın ən milli şeirlərində, əsərlərində belə bəşəri dəyərlər əks olunur.

Ölməyə yazıldıq gülüm, könüllü,
Ümidləri yedik sevgidə, nazda
Silahsız, süngüsüz qərənfillərlə
Ölümə yer verdik qucağımızda.
Ölümə yazıldıq dünəndən bu günə.
Sabah boxçamızda bükülü qaldı.
Zamanı zamansız kəlamla bozduq
Keçmiş, ürəyimizdə hörülü qaldı.
Biz ölümə yazıldıq, hər vaxtımızda...
Gah vicdansiz, gah dəyərsiz biriynən
Ölümə yazıldıq vətənimizdə,
Şərqin xəyal qoxan gerçəkləriylə
Gülüm, bəzədilər ölümü rəng rəng
Ölüm yanımızda sanki yar kimi
Həsrət üfüqümüzdə ah duman- duman
Mələdik ölümə quzular kimi.
Biz ölümə yazıldıq, tabur ha tabur
Qütbdən-qütbə axdı qanımız
Qapılar bağlandı üzlərimizə
Ölümə açıldı dörd bir yanımız.

Ölüm və insan taleyini nəzmə gətirib şair. Həyat fanidir və insanın ölümlə üzləşməsi qaçılmazdır. Amma burda söhbət sadəcə fiziki ölümdən getmir. Mənəvi ölüm, ümidlərin tükənməsi də yoxluğu ifadə edir.

Şeirdə vətən sevgisi, mübarizə və itkilər də özünü bəlli edir. Şair vurğulayır ki, insan doğulduğu andan "ölümə yazılıb". Bu qismət isə ya vətən uğrunda qurban getməkdir, ya da ümidlərin puç olması... Bəzən xəyal, bəzən isə gerçəklikdir.

Lirik qəhrəman təzadlı düşüncələrə dalıb. Bu fikirlərin bir ucunda həyat, bu ucunda ölüm var.Amma qəhrəmanın fikrincə, ölüm sadəcə qorxulu hadisə deyil, o bəzən qəbul edilən, bəzən isə könüllü seçim ediləndir. Hərçənd seçim və qəbullanma özüylə ümidsizlik və məyusluq gətirir.

Şeirdə ölüm və həyatla bağlı simvolik obrazlar var.Qərənfil sevgi və ümiddir, silah və süngünün qərənfillə əvəz olunması ölümdən həyata keçidi ifadə edir.

Quzu simvolu təslimiyyət, məsumiyyət və qurban mənasında işlənib. İnsanların ölümə könüllü getməsi "quzular kimi" qurban edildiklərini göstərir.

Üfüq və duman isə gələcəyin bəlli olmaması isə bağlı nigaran duyğuları ifadə edir.

Şeirin vacib mövzularından biri də vətən üçün fədakarlıqdır. Lirik qəhrəman vətən uğrunda ölümlə barışdığını bildirir. Cəmiyyətin dəyərsizləşməsi və xəyalların puç olması kimi sosial problemlərə toxunulur. Şərqin "xəyal qoxan gerçəkləri" ilə insanın öz taleyi arasında təzad görürük.

Şeir oxucunu "Dünən, bu gün və sabah" - keçmiş və gələcək arasında körpülərdən keçirir. Zamanın zamansızlıqla sınağa çəkildiyi, insanların zamansız şəkildə ölümə məhkum olunduğu təsviri yaranır.

Ölümlə mübarizə motivi Orhan Arasın digər şeirlərində də qarşımıza çıxır.

Gəlir uzaqlardan yorğun bir yolçu
Bir neçə söz qatar xatirələrə
Saplanır köksümə həyatın ucu
Yaranın üstünə açılır yara
Əllərimdən tutub məni aparır
Sirr əkib, sirr biçən sirli diyara
Qaynadır qazanda dərimi bükür
Sonra məlhəm edir intizarlara
Aşınır zirzəmidə zaman
Yanıqlı bir türkü qışqırır sancı
Ağzımdan püskürür zəhərli duman
Sirlərə qarışar sirli yabançı
Düzülür yollara qorxunc adamlar
Güllə göndərirlər güllə səsinə
Damlar gecələrdən qaranlıq damlar
Ürəyimin gizli bir küncünə.

Şeir həm fiziki, həm də mənəvi ölçülərdə dərin mənaya sahibdir və ölüm, həyat, həsrət və vətən kimi anlamlara işıq tutur. Şair emosional ifadə tərzi ilə oxucuya həyatın çətinliklərini və kədərini hiss etdirir.

"Gəlir uzaqlardan yorğun bir yolçu" hansı hissləri, yaşantıları ifadə edir? "Həyatın ucu"nun köksünü yaraladığı, dünyanın gərdişinin yorduğu yolçu ruhsal və ya fiziki səyahətə çıxıb. Şair insanın daxili axtarışa, özünü tapmağa və ya bir dincəlməyə ehtiyacı olduğunu ifadə edir. Yolçunun gəlişi, həm də xatirələrin canlanması və həyatın bitməz ağrılarının hiss edilməsidir.

Orhan Aras Azərbaycana sıx tellərlə bağlıdır. Jurnalist, tədqiqatçı Afaq Aras məqaləsində yazır: “Orxan Aras Azərbaycanı sevdi, Azərbaycan da qarşılıq verərək onu qucaqladı və tanıtdı. Azərbaycanın tanınmış söz ustadları ilə adının yanaşı çəkilməsi əsassız deyil. Daha erkən yeniyetməlik dövründən Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi ulu şairlərlə məktublaşması Azərbaycan sevdasının qəlbində böyüyüb Avropada meydan hərəkatlarına qədər genişlənməsinə təşviq etdi. Bu haqda "Biz Azərbaycanı çox sevdik", "Ayrılığın rəngi hüzn", "Qarabağın göz yaşları" kitablarında ətraflı yazdı.

Vətən şair Orhan Aras üçün nədir? "Səndə qalsın, Anadolum" şeirinə ön sözündə belə ifadə edir: "Anadolunun bitməz-tükənməz davaları, insanlarını təqib edən yoxsulluğu, ona sarılıb dolanan düşmənçilikləri belə, heç bir şeyi mənim onu sevməyimə mane olmur"...

"Səndə qalsın,
Anam, atam,
Tozlu küçələrinə qurban olduğum kəndim,
Obam...
Bir ovuc buğda üçün tökdüyüm tər,
Əməyim, çabam
Səndə qalsın!..”

Tədqiqatçı-jurnalist Afaq Aras yazır: “Orhan Arası Azərbaycanda daha çox oxuyub təqdir edirlər. Səbəbi isə yazıçının uşaqlıqdan "o tay, bu tay" həsrətiylə yaşayan İğdırdakı böyüklərinin bütöv Azərbaycan arzuları ola bilər. Şairin anası - rəhmətlik cənnətməkan Səbiha ananın Orxan Arasın şair kimi özünü tapmasında böyük rolu var. Ananın cümləsinin əvvəli də şeirlə, bayatıyla başlardı, gileyini-güzarını, sevgisini də qafiyəli misralarla bildirər, sonunu da bir şeirlə bitirərdi. Bilmədiyi dastan, nağıl yox idi...”

Orhan bəyin anasına həsr etdiyi şeri də mənəvi qürbət havasındadır.

Sən gedəndən sonra,
Nədənsə hava heç vaxt yaxşılaşmayıb...
Quşlar da buraya gəlmir.
Üzüm heç gülmür.
Sən gedəndən sonra,
Kədərdən ağlamadım.
Küçədəki uşaqlara gözümü qırpmadım
Heç kimə əl qaldırmadım.
Sən gedəndən sonra,
Mən istiləşə bilmədim.
Səbəbsiz çöldə üşüdüm.
Əvdə həç vaxt durabilmədim.
Sən gedəndən sonra,
Birindən nə xəbər gözlədəm, nə salam!
Dərdimi heç kimə demədim
Heç kimlə söhbət eləmədim.
Sən gedəndən sonra,
Mən çox unutqan olmuşam.
Bilirsən, mənə təsbeh vermişdin, onu itirdim!
Sonra yenə tapdım.
Sən gedəndən sonra,
Nə şeir oxudum
Nə mahnı dinlədim.
Bilirsən ki, mən kinonu sevirəm.
Bilet alıb filmə baxmadım.
Sən gedəndən sonra
Mən heç vaxt güzgüyə baxmıram.
Düşünürəm ki, saçlarım ağarıb.
Ən pisi odur ki,
Mən də qocalmaqdan qorxuram!
Sən gedəndən sonra
Əsəbləşmirəm, narahat olma!
Özümü idarə edirəm.
Bəzən buna depressiya deyirlər amma
Başa düşmürəm.
Sadəcə yaşamaq istəyirəm.

Orhan Arasın dili sadə və axıcıdır. Oxucuya dərin mesajlar ötürən yazıçı nəsr dilinin təbii və anlaşıqlı olması üçün xalq dilindən, sadə ifadə tərzindən, gündəlik danışıq tərzindən istifadə edir. Real və doğma atmosfer, oxuculara sosial reallıqları və şairin fərdi təcrübəsini dərindən qavramaq imkanı verir.

Orhan Arasın insanların gündəlik mübarizələrini ustalıqla qələmə alması əsərlərinin dəyərini artırır. O, oxucuları, sadə insanların həyatlarını daha dərindən anlamağa dəvət edir, çünki onların yaşantıları bəzən çoxlarının diqqətini çəkmir və ya unudulur.

Sənin gəzdiyin yerləri,
Yenə gəzdim, cocuq!
Nazları, kədərləri
Nəfəs aldım, hiss etdim, cocuq!
Nə yer qalıb, nə məkan
Keçmiş-qəlbimdə tikan
İstər unut, istər an,
Deməkdən bezdim, cocuq!
Gerçək dediyin bir "hu”,
Sirr olub sarar ruhu,
Yazsan da oxusan da,
Biləndən yazdım, cocuq!
Yaşa, "düşmüşəm" demə
Hər şey "çürük” söyləmə,
Yenə "kükrəyib" demək
Qəzəbim yalan, cocuq!

Orhan Arasın şeirləri bizə deyir ki, bir şeirin yamacına yaslanmaqdır, şeirə tutunmaqdır şairlik. Sənin, mənim, onun yaşadıqlarını hiss edərək hər kəslə bütünləşməkdir şairlik.

Sən gələndə
Təravətli yay güləcək üzümüzə
Bahar əl edəcək
Çiçəklər daha sulu və dolğun çiçəklənəcək
Günəş işıq göndərəcək...
Sən gələndə
Bir pişik miyoldayacaq qapımızda
Bir quş oxuyacaq ...
Saracaq otağımızı sərin bir dua
Sükut bitəcək...
Sən gələndə
Anam sevincdən ağlayacaq....
Duracaq gün boyu namaza
Ağ bir örtük bağlayacaq....
Sən gələndə
Yağış yağacaq dolu-dolu,
Sonra günəş çıxacaq...
Göy qurşağı saracaq ürəklərimizi
Gözümüzdən mərhəmət axacaq...
Sən gələndə
Hacət qalmayacaq sözlərə,
Müjdə gedəcək salam salam
Boxçalarla ölkəmizə
Sən gələndə
Bir nur doğacaq yuvamızda
Ovuclarında sənin hərarətin,
Bərəkət olacaq süfrəmizdə
Sən gələndə
Sədəqələr yetməyəcək!
Dilimdəki sözlər sənin sevgindən olan
Bu şeir, bu şərqi heç vaxt bitməyəcək...

Orhan Arasın yaratdığı xarakterlər sadə görünsə də, onların iç dünyasında dərin düşüncələr və mürəkkəb hisslər gizlənir. O, insan psixologiyasını incəliklə araşdırır və hər obrazın yalnız bədii deyil, eyni zamanda psixoloji tərəfini də ustalıqla işləyir. Orxan bəyin əsərləri təkcə ədəbiyyat deyil, həm də insan təbiətini daha yaxşı başa düşmək üçün bir açardır.

Chosen
6
kulis.az

1Sources