EN

Əbülfət Mədətoğlunun tükənməyən enerjisi...

Kulis.az Allahverdi Eminovun "Əbülfət Mədətoğlunun tükənməyən enerjisi..." adlı yazısını təqdim edir.

Mən şeir yazmağı bacarmadım, ona görə ki, “Allah payı” qismətimə düşmədi. Sonralar şeirin hansı hissi əzablardan yarandığını dərk edəndə sevindim ki, qismət belə imiş! Amma şeirdən – bütövlükdə poeziyadan dərindən duyub zövq aldım və çox da yox, bəzi şairlərin poeziya aləminə vardım, məqalələrimdə, monoqrafiyalarımda həmin şairlərin adını çəkdim. Bu adlar sırasında özünə məxsus yaradıcılıq dünyası olan Əbülfət Mədətoğlunu da fərqləndirdim. Məqalələr yazdım və poeziyası haqqında monoqrafiyamı qələmə aldım... Çalışdım şairin poeziyasının lirik – fəlsəfi çalarlarını oxuculara çatdırım. Ümumiyyətlə, poeziyadan yazanlar, tənqidçilər şeirin yaranma dərinliyindən qaçırlar, şairin psixologiyasından kənarda dayanırlar, bu da təbiidir ona görə ki, eksiztensiya ilə harmoniyanın vəhdətindən xəbərsizdilər, müəllifin akselrativliyini duymağı bacarmırlar, poetik fikirlərin hərəkət dairəsini – ideomatikliyni hiss etmirlər, o cümlədən poeziyaya gətirilən obrazların – insanların ekstravertliyini və intravertliyini – iki mexanizmi ayırd etmirlər. Daha doğrusu, məşhur İsveçrə psixoloqu Karl Yunqun “Psixoloji tiplər” əsərindən xəbərsizdilər! Şairdə psixi enerjinin ekstravertin – yaradıcı təkanın xarici aləmə yönəldiyini, intravert enerjisininsə daxili aləmə istiqamətliliyini qiymətləndirir. Bu baxımdan şair tək qalanda, şeirinin misralarını ürəyində pıçıldayanda necə deyərlər, şairləşir, xəyalında ilahinin “payını” qəbul edir. Necə ki, “Gecə pıçıltısı” şeiri yarandı.

Bir dərin quyudu qurduğum xəyal,
Yüz kəndir sallasan əlimə çatmaz...
Məndən cavab umur bir qalaq sual –
Bu yerdə qələm də susar, naz çatmaz...

Gecənin rəngini səsə çevirib,
O səsi xəncərtək qından sivirib...
Mənim duyğularım elə sevilib –
Ona xəncər deyil, güllə də batmaz!
Qəmin yatağıdı bu ömrün çimi,
Tarıma çəkilib ruhumun simi!
Ötən gecələrdə olduğu kimi –
Şəklinlə danışar Əbülfət, yatmaz!

Əbülfət Mədətoğlu bəlkə də ona görə istedadlı, ilhamlı və emosional doğulub, Allaha, İlahiyə və Tanrıya sığınıb, pənah gətiribdir. “Hər duam da Allahadı”, “Məni xoşbəxt edən səs”, “Yenə” şeirlərində o, Uca Tanrını xatırlayır, onu “haqq adamı edən” inamını poetikləşdirir, poeziyanın pıçıltısını şeir vasitəsilə həyata keçirir, misralarının “alt qatında” obrazlarını görür, duyur. “Hər duam da Allahadı” deməkdə yanılmır.

Hər duamda Allah adı,
Hər kəlməmdə birincisən!
Ömür tamı – ağız dadı –
Özün kimi bir incisən!

Fikir yükü hopan sözün –
Əzəli O, ünvanı Son!
Zərrəsitək Günəş, közün –
İsidirsən Dünyanı Sən!

Bir mələyin pərvanəsi,
Bir aşiqlik müridiyəm!
Ruhum sevgi təranəsi –
Qəlbi onla kiridirəm!

Digər bir şeirində – “Yenə” də şair sevgisinin vüsala yetişmək üçün üzünü Allaha tutur, axı, sevginin özü Allahın cana ötürdüyü maddi – ruhi nemətdir, vücudda bu sevgi yoxsa yaşamağa dəyərmi? Əbülfət Mədətoğlunda sevgi ilahidən gəlmədir ki, ilahi şeirlər qələmə alır, bu hisslərində Allahı yad edir, necə ki:

Yenə Allah, yenə özüm, yenə Sən...
Yenə məni qucaqlayan dörd divar...
İnsaf edib bəlkə yerə enəsən –
Burda səni gözləyən bir aşiq var!

Yenə xəyal, yenə gerçək, yenə də
Yanılmışam bu sevgidə de, nədə?!
İnsaf edib göy üzündən enəndə
Bu quruyan ümidləri son suvar!..

Yenə ürək, yenə dilək və yenə
İstəyirəm olduğumtək bəyənə!..
Meh əsəndə üz-gözümə dəyənə –
Səpələnib tala – tala çiçək, “qar”...

Yaradıcılıq – bu qeyri – maddi aləm hər şairə nəsib olmur, çün yaratmaq enerjisi şairə hər yaşda nəsib deyil, onun xislətindədir, canındadır, ruhundadır. Bunu özünə hörmət edən şairlər daha çox anlayırlar, şeir yazmaq üçün özünü “zorlayanlar” bu gün həndəsi silsilə ilə artmaqdadır. Mən Əbülfət Mədətoğlunun yaradıcılığını daim izləyən oxucu kimi bu prosesin şahidiyəm. Şair oxucu qəlbində – zövqündə özünə həmdəm axtarmalıdır. Əbülfət Mədətoğlu sevgi şeirlərində nəciblik, durulmuş fikirlər aşılayır. “Baxışlarla”, “Sənin üçün”, “Sevgimi” və digər şeirlərində gənclik təravətilə, ilham coşğunluğu ilə, səngiməyən ehtirası ilə qarşılaşırıq. Cinsi enerji o sənətkarda, xüsusən, poeziyada o halda özünü daha qabarıq göstərirsə, şeir doğulur, sətirlənir, qafiyələnir:

Şölə saçır gecə – gündüzürək – şam,
Bu sevgidən almaq üçün ürək kam!
Sənin ilə varlığını görüb tam –
Özü ilə inanc kimi daşıyır.

Göz ovudur, bu həsrətin, Əbülfət
Yorulmadan yer üzünə səp ülfət!
Kəsə deyim, sən də bil ki məhəbbət –
Dəlisi var, sənin üçün yaşayır!

Poeziya başqa bədii sənətlərdən fərqli olaraq oxucu ilə həmsöhbət olur, səsləndirir, ağladır və güldürür. Əbülfət Mədətoğlu şeirində söz poetik obrazın bətnini açıb göstərir, canlı detalları əyaniləşdirir, oxucunu qeyri – müəyyənlikdən xilas edir, insan hisslərini cilalayır. Onun son şeirində bir nikbinlik, həyat eşqinə canatma, yaşamaq arzusu sezilir. “Qalır, “Silinmir”, “Darıxacaqsan” şeirləri öxucunu xatirələrin ünvanına aparır, aşiq – müəllif kədərə yox, sevincə üz tutur, xatirələrə qapılır, “ya axşam, ya sabah qapını döyəcək külək”,onda “darıxacaqsan”!

Alın söykədiyin pəncərə, şüşən
Hər an damlalarla şırımlanmasa...
Dünyada ən isti yağışa düşən –
Varlığın sığınıb qımıldanmasa –
Mənimçin darıxacaqsan –

deyən şair son hisslərini gizlətmir.

Dilin titrəyəndə, dodaq əsəndə,
Saçına ilişib qalanda daraq,
Mətbəxdə əlini bıçaq kəsəndə
Qana bələnəndə yazdığın varaq –
Olanları... mənimçin darıxacaqsan...

Əbülfət Mədətoğlu haqqında məqaləmi yazmağa sövq edən arxivimdə tapdığım “Əsir aparırlar əsir adamı” silsiləli şeirləri oldu: “Şəhriyar” qəzetinin 18 mart 1999-cu il sayında oxudum. Saralmış səhifə məni ötən 2 ilə apardı. Əsrin dörddə birində qələmə alınmış bu şeirləri təkrar oxusam da, sanki yenicə yazılmışlardır. “Məndən aşağıda” şeirilə başlayır, şair Tanrıya üz tutur:

Məndən yuxarıda Tanrım,
Məndən aşağıda mənəm.
Tanrının şəriki yoxdur
Mən özüm özümə – tənəm.

Səpələnib Muğan – Milə,
Dodaqda çat, gözdə gilə,
Bu Vətənsiz canım ilə –
Mən dərdə – qəmə vətənəm.

Bu nə cürə ağıl – başdı,
İçimdəki ağrı daşdı,
Yüküm yaman ağırlaşdı –
Dözməyib ölüb – itənəm.

Bu şeirlərin ovqatla yazılması şairin yaradıcı enerjisinin tükənməzliyinin bədii inikasıdır, təmiz ilhamın misralarıdır. Yeri gələndə Dünya ilə “Savaşının” poetik pıçıltılarıdır. “Gen dünyada”, “İndi”, “Məni varaqla” və s. şeirləri fikrimin təsdiqidir. “İndi” şeiri şairin mövcud durumunun poetik səsidir, ömrün harasa tələsən məqamlarına işarədir.

Azalıb ömrümdə şirin məqamlar,
Çoxalıb dilimdə ahlar, amanlar,
Mənə qanad olan ümid – gümanlar –
Dərmanı ovcumla atıram indi, –

gileylənən şairin “gözləri uzaqda dağ sorağındadır, ürəyi yurd yeri – bağ sorağındadır”, – pıçıldayıb toxdayır.
Yeni nəsil oxuculara şair Əbülfət Mədətoğlunun 25 il öncə qələmə aldığı 3 şeirini təqdim edirəm.


İndi


Eləcə oturub səssiz, səmirsiz,
Başımı dərdlərlə qatıram indi,
Yelkəni qırılmış qayıq kimiyəm,
Gah üzür, gah da ki batıram indi.

Azalıb ömrümdə şirin məqamlar,
Çoxalıb dilimdə ahlar, amanlar.
Mənə qanad olan ümid – gümanlar –
Dərmanı ovucla atıram indi.

Gözlərim uzaqda, dağ sorağında,
Ürəyim yurd yeri – bağ sorağında,
Mən elə bu hala sağ sorağımla –
Əli uzanaqlı yatıram indi.

... Yamanca oynadıq ocaqla – közlə,
Çarmıxa çəkildik ürəkdən, gözdən,
Darıxan baş daşım, bir az da gözlə
Gəlirəm, yetirəm çatıram indi.
Gen dünyada
Dərd alıb – sevinc satıram,
Başımı dərdə qatıram,
Dərdlə Vüsala çatıram –
Bu gen dünyada!

Bəzənib içim və çölüm,
İmkan yox, qazancı bölüm!
Sallanıb yaxamdan ölüm –
Bu gen dünyada!
Canımı dişimə sıxdım,
Dərdləri üst-üstə yığdım.
Tanrının yadından çıxdım –
Bu gen dünyada!

Məni
Dərdim bir diş çəkdirib,
Ağrısı ütür məni.
Bu dərd dizin bərkidib –
Yüyürüb ötür məni.

Otur, düşün, ara, seç –
Üstündən bir kərə keç.
Sən özünə qıyma heç –
Gərəksə – itir məni.

Son ümid – Simurq kimi,
Yumulmuş yumruq kimi,
Bir qələm çubuq kimi
Yenidən bitir məni.

Chosen
7
2
kulis.az

10Sources