EN

İtaliyada doktorantura təhsili alan gənc : "Bizim tələbələr bütün dərsləri əzbərləyir" - MÜSAHİBƏ 

Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “SABAH” qruplarının 2015-2018-ci il məzunu Nadir Şükürov ADA Universitetinin İtaliya- Azərbaycan Universiteti layihəsi çərçivəsində Milan Politexnik Universitetində doktorantura (PhD) təhsili almaq hüququ qazanıb.

 

AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə Nadir Şükürovla əlaqə saxladıq.

 

O, təəssüratlarını bizimlə bölüşüb.

 

O, doktorantura təhsili müddətində Milan Politexnik Universitetinin professorları ilə birgə “Taktiki şəhərsalma dizaynı və müasir yanaşmalar” mövzusunda elmi-tədqiqat aparacaq.

 

Müsahibəni təqdim edirik.

 

-Nadir bəy, sizi ilk növbədə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

 

-Mən, Nadir Şükürov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsi üzrə (2014-2018-ci illərdə) bakalavr təhsili almışam. Daha sonra 2015-ci ildə SABAH qurplarının II qəbul proqramına qoşuldum. Elə həmin ildən 2018-ci ilə qədər təhsilimi SABAH qruplarında davam etdirmişəm. Sonra magistraturaya qəbul oldum.

 

Belə ki, magistr təhsilimi İtalyanın Baloniya Universitetində almışam. Burada 2 il müddətində təhsilimi davam etdirdim. Təhsil aldığım müddət (2018-2020-ci ili) əhatə etdiyi üçün COVİD-19 pandemiyasına görə Azərbaycana qayıtmalı oldum. Vətənə döndükdən sonra əvvəlki Bakı Nəqliyyat Agentliyində çalışmağa başladım.

 

Daha sonra Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilməsi ilə karyerama burada davam etməli oldum. Son altı ayda isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışırdım. ADA Universitetində belə bir proqramın olduğunu öyrəndikdən sonra müraciət etdim.

 

- Necə oldu ki, magistraturanı xaricdə oxumaq qərarına gəldiniz?

 

154102

Əslində, bakalavr müddətində magistratura təhsilimi xaricdə almağı planlaşdırırdım. 2018-ci ildə artıq bunu reallaşdırmağı bacardım. Belə ki, İtaliyanın Baloniya Universitetinin İnşaat mühəndisliyi və infrastruktur dizayn mühəndisliyi departamentində təhsil almışam. Magistratura təhsili aldığım dövrdə özümü inkişaf etdirməyi bacardım. 

 

-Niyə məhz İtaliyada oxumaq istədiniz?

 

-Təbii ki, bizim təhsilimiz indiki təhsil mexanizminin inkişafına inteqrasiya etməyə çalışır. Fikirləşirəm ki, kifayət qədər universitetdəki təhsil resurslarımız tələbələr üçün əlçatandır. Lakin məqsədim təkcə xaricdə təhsil almaq deyil, daha çox dünyagörüşlü insanlarla ünsiyyətdə olmaq eyni zamanda digər millətin mədəniyyəti ilə tanış olmaq olub.

 

Mühəndislik elə bir peşədir ki, olduğun yerdə hansısa geniş, müasir innovativ layihələr barəsində məlumat almaq şansın daha azdır. Ona görə də düşünürdüm ki, mən xaricdə təhsil almalıyam. Niyə İtaliya? Sözün düzü, III kursda İngiltərədə təhsili davam etdirmək fikrinə düşmüşdüm. Lakin sonra araşdırdım ki, mühəndislik üçün xüsusilə şəhər dizaynı ilə bağlı daha yaxşı ideal təhsil mexanizmləri məhz Baloniya Universitetində var. Hətta bu universitetdə oxuyan tanışım var idi ki, ondan da bu barədə məsləhət aldım.

 

- Siz həm xaricin, həm də ölkəmizin təhsil sistemi ilə yaxından tanış olmusunuz. Sizcə, xaricdəki ilə bizim təhsil arasında hansı fərqlər mövcuddur?

154098

- Mən, eyni zamanda Bakı Mühəndislik Universitetində tələbələrə dərs demişəm. Bakalavr təhsilimi bitirib buraya magistr təhsili almağa gələndə ilk semestr boyunca prosesin nə cür getdiyini, nəyi hansı formada oxumaq lazım olduğunu təxminən ay yarım sonra fərqinə varmağa başladım. Biz fərqli üsullarla dərsləri öyrənməyə alışmışıq. Nə mənada? Yəni daha çox nəyisə əzbərləməyə meyilli idik. Bu cür məsələlər tələbədə sərbəst öyrənməmək alışqanlığı yaradır. Tələbə özü bilmədən də onda əzbərləmək vərdişi yaranır.

 

Lakin magistr təhsilinə başladıqdan sonra başa düşdüm ki, heç nəyi əzbərləmək lazım deyil. Qazandığım Burdakı təhsillə bizim təhsil sistemi arasındakı əsas fərqlərdən biri əzbərləmə vərdişinin öyrədilməməsidir. Ona görə də buradakı tələbələr daha rahatdır. Həmçinin axtarma və araşdırma vərdişləri olduqca yüksəkdir.

 

BMU-da dərs dediyim müddətdə tələbələr arasında əzbərçiliyin mövcud olmasını aradan qaldırmağa çalışırdım. Buna da nail oldum. 

 

-Siz həmin universitet müəllim kimi neçə il fəaliyyət göstərmisiniz?

 

-Bakı Mühəndislik Universitetində 1 akademik il müddətində fəaliyyət göstəmişəm.

 

-Bəs, necə oldu ki, buradan ayrılmalı oldunuz?

154097

-Çünki həmin vaxtlarda əsas iş yerim Bakı Nəqliyyat Agentliyi idi. Məlum məsələdir ki, BNA şəhərin Koroğlu metro istiqamətində, BMU isə Xırdalanda yerləşir. Yəni bunlar ikisi də tam əks ərazi olduğu üçün mənə çox çətin idi. Ona görə də müəllimlik fəaliyyətimi dayandırmalı oldum.

 

-Nadir bəy, demək olar ki, sizin kimi xaricdə təhsil almaq istəyən yüzlərlə gənclər var. Onlara bu yolda nə tövsiyə etmək istərdiniz?

 

-Xaricdə təhsil almaq istəyən gənclərə ilk növbədə uğurlar arzulayıram. Düşünürəm ki, doğru yoldadırlar. Təbii ki, az əvvəl dediyim kimi bizdə resurslar var. Kitabxanalarımız, yaxşı universitetlərimiz, professorlarımız var. Biz bəzən kitabxanalardan da doğru istifadə edə bilmirik. Resurslarımız var, amma limitli saydadır. Hesab edirəm ki, xaricdə təhsil almaqla gənclər daha çox mədəniyyətlə tanış ola biləcəklər. Demək istədiyim budur ki, istənilən halda xaricdə təhsil almaq insanın karyerasında, təhsil həyatında uğur qazanmaq istəyən tələbələr üçün mühüm bir məqamdır.

 

Əsas məsələ odur ki, gənclər istədikləri ixtisasa uyğun xarici ölkələrdəki təhsil sistemini araşdırsınlar. Yəni məqsəd burda yalnız xarici ölkələrə getmək olmasın. Əsas məqsədlərdən biri xarici ölkədə qazandığımız təcrübəni ölkəmizə daşımaqdır.

 

- Doktorantura təhsilini bitirdikdən sonra vətənə dönməyi düşünürsünüzmü? 

 

-Əlbəttə. Mən, ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində buraya gəlmişəm. Həmin layihə çərçivəsində doktorantura təhsilimi aldıqdan sonra qayıdıb ADA Universitetində fəaliyyətimi davam etdirməyi planlaşdırıram.

 

-Nadir bəy, hazırda tək, yoxsa ailə üzvlərinizlə birgə qalırsınız?

 

-Xeyr. Hazırda tək yaşayıram.

 

-Ailəlisiniz, yoxsa subay?

 

-Subayam.

 

-Subay olduğunuzu qeyd etdiniz. İtalyan xanımla ailə qurmağı heç düşünmüsünüzmü?

 

-Niyə də yox? Təbii ki, ola bilər. Burada qeyri-adi nəsə olduğunu düşünmürəm. İnsanlar millətindən, irqindən, dinindən, dilindən asılı olmadan biri-birlərini sevə bilərlər. Bəzən doğru insan tapmaq düşündüyümüz qədər asan olmur. Yəni insan bəzən yanılmış ola bilir. Düşünürəm ki, bir insan bir ömür səninlə bərabər keçirmək qabiliyyətində olacaqsa, sənin özünə, ailənə, peşənə və həyat tərzinə hörmət edəcəksə, haralı olduğunun o qədər də önəmi yoxdur.

 

-Nadir bəy, İtaliya mətbəxi ilə aranız necədir? Ən çox hansı yeməyi sevirsiniz?

 

-Sözün düzü, burada restoranlara daxil olanda ya bizim mətbəxin yeməklərini axtarıram, ya da özümə uyğun yemək seçib yeyirəm. Ancaq buna baxmayaraq İtaliyan mətbəxini həqiqətən də çox sevirəm. 

Chosen
9
39
azedu.az

10Sources