EN

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə təşkil edilib

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov çıxışında Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişaf etdiyini, maddi texniki bazanın, kadr potensialının genişləndiyini bildirib. Qeyd olunub ki, ölkə səhiyyəsinə vəsait qoyuluşu da ilbəil dinamik olaraq artmaqdadır. 2025-ci ildə bu rəqəm üç milyard manata çatıb. Əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi sığortanın tətbiqindəki uğurlardan danışan komitə sədri bildirib ki, bu gün müzakirə edilən ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.

Sonra çıxış edən səhiyyə naziri Teymur Musayev müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da davamlı olaraq islahatların həyata keçirildiyini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının qorunması dayanır. Qeyd edilib ki, son 20 ildə səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda, 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70 faizdən çoxu regionlarda yerləşən tibb müəssisələrinin payına düşür.

Nazir qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva insanların sağlamlığına daim xüsusi həssaslıqla yanaşır, müxtəlif sosial layihələrin təşəbbüskarı və dəstəkçisidir. Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək talassemiyadan ölüm sayının 5 dəfə azalmasına nail olunub. 2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqi əhalinin bir sıra tibb xidmətlərinə əlçatanlığını mühüm dərəcədə artırıb. Son illərdə tətbiq olunan icbari tibbi sığorta ilkin tibbi sanitariya yardımına yenidən baxılmasını, onun təkmilləşdirilməsini zəruri edir. Nazir Azərbaycanda ilkin səhiyyə sisteminin təşkilinə tarixi, iqtisadi və sosial kontekstdən yanaşmanın vacibliyini vurğulayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında bildirib ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədi insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, əhalinin sağlamlığını yüksəltməkdir. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. İlkin səhiyyə xidmətinin insanların səhiyyə xidmətləri ilə daha keyfiyyətli şəkildə təmin olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan Zaur Əliyev bu sahədə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf etdirilməsi və peşəkarlığının təmin olunması ilə bağlı görülən işlərdən danışıb.

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova tədbirdə ilkin tibbi-sanitariya yardımının (İTSY) əsas prinsipləri barədə ətraflı məlumat verib. O bildirib ki, ilkin tibbi-sanitariya yardımı 3 əsas prinsip - əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, əhalinin keyfiyyətli İTSY-ə bərabər çıxış imkanlarının yaradılması, həmçinin səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması üzərində qurulub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev isə təqdimatında Azərbaycanda tibbi xidmətlərin təhlili ilə bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışıb.

Dinləmədə iştirak edən digər çıxışçılar ilkin səhiyyə xidmətinin kadr təminatı, bu xidmətə qəbul şərtlərinin yenilənməsi, İTSY müəssisələrində çalışan tibb işçiləri üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması, həmçinin mövcud qanunvericilik bazasının bugünkü tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

Səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev dinləmədə qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən sualları cavablandırıblar.

Chosen
4
48
azertag.az

10Sources