EN

GƏNCLƏRİMİZ MİLLİ SƏRVƏTİMİZDİR

Dünyanın qloballaşmaya doğru müxtəlif vasitələrlə yönləndirildiyi bir zamanda hər bir xalqın özünəməxsusluğunu yaşada bilməsini milli ruhun, mənəvi-əxlaqi dəyərlərin, adət-ənənələrinin qorunma dərəcəsi şərtləndirir. Bu elementlər hər bir xalqın milli psixologiyasının, genetik yaddaşının vacib komponentləri kimi nəsildən nəsilə ötürülür, yəni gənc nəsil əvvəlki nəsillərin dəyərlərini gələcək nəsillərə daşımaqla, aid olduğu xalqın milli kimliyini yaşadır. Onun daşıyıcıları milli-mənəvi dəyərlərinə bağlı, dövlətçilik ənənələrinə sadiq, intellektual bir gənclikdirsə, o zaman əsil milli sərvətə çevrilir. Bu baxımdan mənəvi-əxlaqi dəyərlərə bağlılığı ilə hər zaman anaların duasını qazanan, intellektuallığı ilə dünyanın müxtəlif ölkələrində vətənimizi layiqincə təmsil edən, nəhayət vətənpərvərliyi ilə XXI əsrdə Qarabağda tarix yazan Azərbaycan gəncləri bizim işıqlı gələcəyimiz və milli sərvətimizdir. Belə bir gəncliyin yetişdirilməsi yalnız uzaqgörən və məqsədyönlü şəkildə aparılmış gənclər siyasəti sayəsində mümkün ola bilərdi.

Gənclərimizi Azərbaycan xalqının genefondu adlandıran Ümummilli Lider Heydər Əliyev “həm fiziki cəhətdən sağlam, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik” olmağı onlar qarşısında başlıca vəzifələr olaraq qoymuşdur. Bu vəzifələrin həyata keçirilməsinə 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla ən böyük dəstəyini vermiş, onların inkişafı üçün daha əlverişli şərait yaratmışdır. 2002-ci il 9 aprel tarixində qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu siyasətin məqsədləri, başlıca prinsiplərini, eləcə də təşkilati-hüquqi əsaslarını tənzimləmişdir. Hansı ki, təsnifləşdirərkən 4 başlıca istiqamətin qırmızı xətlə keçdiyini görürük: yüksək təhsil səviyyəsi, dünyagörüşün intensiv inkişafı, fiziki sağlamlığın daim möhkəmləndirilməsi və vətənpərvərlik hissinin gücləndirilməsi.

Birinci istiqamət gənclərin yüksək təhsil qazanmasına hesablanmışdır. Məhz yüksək təhsil qazanmış gənclər tarixini, mədəniyyətini dərindən bilməklə, dünya təcrübəsini yaxşı öyrənməklə, həmçinin xarici dilləri əxz etməklə  vətənini hər yerdə və hər dövrdə layiqincə təmsil edə bilərdi. Yüksək biliyə malik gənclərin yetişməsində hələ 2003-cü ildə dünyanın müxtəlif ölkəsinə 3000-dən çox tələbənin göndərilməsi, onların dövlət hesabına təhsil alması və yüksək bal toplayan abituryentlərə ayrıca olaraq “Prezident təqaüdü”nün verilməsi kimi tədbirlər ilhamverici stimul olmuşdur. Bu kimi tədbirlərin XXI əsrdə də davamı olaraq, 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilmişdir.

İkinci istiqamət gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, özünə inam, özünü düzgün ifadə etmə kimi ümumi dünyagörüşünün inkişaf etdirilməsini əhatə edir. 1996-cı ildən başlayaraq keçirilən gənclər forumları bu sahəyə mühüm töhfələr vermişdir. Bu forumlara xüsusi önəm verən Ümummilli Lider Gənclərin 1-ci forumunun birinci ildönümündə milli ideologiyaya sədaqətin vacibliyini vurğulayaraq deyirdi: “Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır.” Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artmışdır. Bu siyasət sonrakı illərdə də davam etdirilməklə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulan Fond 2018-ci ildə yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılmışdır.  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq, gənclərin beynəlxalq təcrübə qazanmalarına, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq qurmağına imkan yaradan beynəlxalq tədbirlərdə iştirakına dəstək məqsədilə, 20 ölkədə keçirilmiş 30 beynəlxalq tədbirə 301 gənc ezam olunmuşdur.

Üçüncü istiqamət gənclərin sağlamlığının qorunması ilə bağlı tədbirləri əhatə edir. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş cənab İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırmış, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən bu sahədə keçirilən tədbirlər xüsusilə diqqət çəkir. Belə ki, hər il Fond tərəfindən səhiyyə, idman, ekoloji sahələrə üzrə həyata keçirilən proqram və layihələr istedadlı idmançıların üzə çıxarılmasına stimul vermişdir. Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar, xüsusilə Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının təbliğində də əhəmiyyətli rol oynamış, eyni zamanda, Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləmişdir. Təkcə 2024-cü ildə 23 844 gəncin iştirakını təmin edən 182 yarış və müsabiqə təşkil olunmuşdur ki, bu da gənclərin fiziki sağlamlığı ilə yanaşı, asudə vaxtlarının da səmərəli kiçirilməsini təmin etmişdir. Gənclərin müxtəlif sahələrdə yaradıcılıq və intellektual potensiallarını inkişaf etdirməyi hədəfləyən “Şahin” hərbi-idman oyunları, “Cəsur kadet” yarışları, “Qızıl şah” kimi oyunların həyata keçirilməsi “sağlam bədəndə sağlam ruh olar” deyimini təsdiqləyir. Sağlam ruhun isə başlıca qayəsini vətənpərvərlik amili təşkil edir.

 

Dördüncü istiqamət məhz vətənpərvərlik hissinin gücləndirilməsində əks olunmuşdur. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən birini təşkil edirdi. O, vurğulayırdı: “Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi öz bəhrəsini ən bariz şəkildə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə dövründə göstərdi. Təsadüfi deyil ki, Vətən uğrunda heç tərəddüd etmədən canından keçməyə hazır olan, bunu əməldə də qətiyyətlə göstərən Azərbaycan Ordusunun əsas tərkibini məhz gənclər təşkil edirdi. Onlar informasiya mübarizəsində də ön cəbhədə fəal olduqlarını  Vətən müharibəsi dövründə sosial şəbəkələrdəki vətənpərvər çağırışları, eləcə də xarici ölkələrdəki tədbirlərdə milli mövqeyə sədaqətləri ilə göstərdilər.  Bu birgə vətənpərvərlik mübarizəsinə, iformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da könüllülüklə qoşuldular. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri paylaşılan məlumatların həqiqi və təsirliliyinə nail oldular. Bütün bunlar gənclərlə bağlı dövlət siyasətinin uğurlu nəticəsi idi ki, milli-mənəvi dəyərlərə sadiq, müasir dünyagörüşə sahib, sağlam ruhlu və vətənpərvərliyi ilə milli sərvətimizə çevrilən bugünkü Azərbaycan gəncliyini formalaşdırmışdır. Bu siyasətin təməlini qoyan Ümummilli Lider Heydər Əliyev məhz bu günləri düşünərək, hələ 1999-cu ildə Azərbaycan Gənclərinin II Forumunda çıxışı zamanı Vətənin gələcəyini XXI əsr gənclərinə əmanət etmişdir: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!” Bu tarixi çağırışa hazır olduğunu Vətəndə, eləcə də sərhədlərimizdən kənarda da elmin, təhsilin, siyasətin, iqtisadiyyatın, idmanın inkişafına verdikləri töhfələrlə göstərən dəyərli Azərbaycan gənclərini elan olunan 2 fevral - Gənclər Günü münasibətilə təbrik edir, onlara milli vətənpərvərlik ruhunu milli sərvətimiz olaraq gələcək nəsillərə də sağlam şəkildə ərməğan etməyi arzulayırıq.

Zeynəb Quliyeva,
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi,
tarix elmləri doktoru,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Chosen
6
ikisahil.az

1Sources