EN

Qızdırma patoloji olmadıqca, ölümlə nəticələnmir - AÇIQLAMA

Buna görə əgər bədən temperaturu 38-ə qədərdirsə, onu salmağa ehtiyac yoxdur

Zaqatalada daha bir nəfər qızdırmadan ölüb. Rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək qızdırma ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. O, dünən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

İnfeksionist-həkim Mərdan Əliyevin sözlərinə görə, normal orqanizmdə yüksək temperatur heç bir fəsada səbəb olmur. “Sherg.az”a açıqlamasında qızdırmanın ölümlə nəticələndiyi halları sadalayan infeksionist deyib ki, qızdırma patoloji olmadıqca, heç bir problem yoxdur və ölümlə nəticələnmir: 

“Bəzi xəstələrdə qızdırma yüksələndə qıcolmalar müşahidə edilə bilir. Amma bu da ölümcül deyil. Qıcolma tutan şəxsin boğazına bir şey getməsə, onu düzgün tutmağı bilsək, boğulma olmasa, insan ölməz. Bəzi hallarda susuzlaşma uzunmüddətli qızdırmadan sonra fəsad törədə bilər. Çox yüksələn patoloji qızdırmalar isə “hipertermiya” adlanır və bu, nadir hallarda baş verir. Bu zaman beyindəki zülalların quruluşunun pozulması ölümcül ola bilir. Belə vəziyyət daha çox adi qripdə yox, günvurmalarda və qızdırmalı şəxsin isti şəraitdə saxlanması zamanı müşahidə oluna bilər. Məsələn, uşağın qızdırması varsa, biz onu yüngül geyindirməli, paltarını çıxarmalı, evi sərin etməliyik. Amma bəzən valideynlər bilmədən üşüməsin deyə qızdırmalı uşağın üstünü örtür, evi isti saxlayırlar. Bunu etsək, onun temperaturu daha da arta bilər. Sadaladığım elementar tibbi qaydalara riayıət etsək, qızdırma ilə bağlı ciddi bir problem olmayacaq”.

İnfeksionist onu da qeyd edib ki, qızdırma orqanizmin reaksiyasıdır və hər orqanizm onu müxtəlif şəkildə göstərir: 

“Məsələn, influenzaya yoluxan 2 şəxsdən birində qızdırma 38, digərində 39.5-40 ola bilər. Bu o demək deyil ki, qızdırma yüksək olanda xəstəlik ağır keçir. Temperaturu hər daim salmağa ehtiyac yoxdur və düzgün deyil. Çünki qızdırma olanda həm orqanizmin immun sistemi aktivləşir, həm də virusların inkişafı zəifləyir. Buna görə əgər bədən temperaturu 38-ə qədərdirsə, onu salmağa ehtiyac yoxdur, amma 38-i keçir və xəstə özünü narahat, halsız hiss edirsə, qızdırmasalan dərmanlardan istifadə etmək olar. İlk növbədə “panadol”, ya da “ibuprofen” tərkibli “nurofen” dediyimiz dərmanlardan istifadə etmək mümkündür. Çünki bu dərmanlar ən zərərsiz olandır, dünyada çox istifadə olunur və təsir göstərir. Əgər davamlı qızdırma 39-u keçərsə və dərmanla düşmürsə, "smes"dən (analgin, dimedrol, novokain) istifadə etmək olar”.

Chosen
3
3
sherg.az

10Sources