EN

Beyləqanda Rayon İcra Hakimiyyətinin başçısı ağsaqqallarla görüşüb

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti dəfə Rayon Ağsaqallar Şurasının üzvlərini qəbul edib.

Görüşdə Əziz Əzizov rayonun ağsaqqallarını və ziyalılarını salamlayaraq, milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Beyləqan rayonunun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində onların əvəzedilməz xidmətlərindən danışıb. Natiq rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açaraq, gənclərin zərərli təsirlərdən uzaq sağlam əsaslar üzərində, dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi məsələsində onlara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıb.

Beyləqan Rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov tədbirdə çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı məlumat verib. Vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə son illərdə Şuranın şəhər və rayon təşkilatlarının fəaliyyətində ciddi irəliləyiş baş verir. Etibar İmanov Beyləqan rayonunda ağsaqqalların aktual məsələlərə dair mütəmadi tədbirlər, görüşlər keçirdiklərini, gənclərin maarifləndirilməsinin isə onların fəaliyyət prioriteti olduğunu bildirib. Qeyd edib ki, rayon ağsaqqalları bundan sonra da ölkəmizin inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.

Görüşdə çıxış edən digər natiqlər də rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən, Rayon Ağsaqallar Şurasının fəaliyyətindən ətraflı bəhs ediblər. Sakinlərə, o cümlədən ağsaqqallara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına təşəkkür ediblər.

Tədbirin sonunda Rayon Ağsaqqallar Şurasının üzvlərinə vəsiqələr təqdim olunub və görüş nahar süfrəsi arxasında davam etdirilib.

1Sources