EN

Qadınlar və gənclər arasında xərçəngə yoluxma halları artır - ARAŞDIRMA

Bakı, 31 yanvar, AZƏRTAC

Amerika Xərçəng Cəmiyyətinin son araşdırması göstərir ki, qadınlar və gənclər arasında xərçəngə yoluxma halları artıb.

AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, araşdırma ABŞ-da 1991-2021-ci illəri əhatə edir.

Tədqiqatçılar müşahidə ediblər ki, əvvəllər kişilərdə daha çox rast gəlinən bəzi xərçəng növləri, hazırda qadınlarda daha yüksək nisbətdə qeydə alınır. Əldə olunan məlumatlara əsasən, 50 yaşdan aşağı qadınlarda xərçəng diaqnozlarının sayı kişilərlə müqayisədə 82 faiz daha çoxdur. Bu göstərici 2002-ci ildə 51 faiz təşkil edirdi. Bu dəyişikliklər xərçəng hallarının yaşlı insanlardan gənclərə doğru yönələn tendensiyası ilə də müşayiət olunur. Tədqiqatçılar 2012-2021-ci illər arasında ağciyər xərçəngi hallarının ümumi azalmasına baxmayaraq, qadınlarda bu azalmanın daha yavaş getdiyini aşkarlayıblar.

Araşdırmaya görə, xərçəngə yoluxma hallarının artmasına baxmayaraq, 1991-ci ildən bəri ölüm nisbəti 34 faiz azalıb. Alimlər bu müsbət dəyişiklikləri erkən diaqnostika, daha effektiv müalicə metodları və siqaret istifadəsinin azalması ilə əlaqələndirirlər. Elm adamları qadınlar və gənclər arasında xərçəng hallarının artmasının səbəblərini tam müəyyənləşdirməsələr də, bəzi amillərin bu tendensiyaya təsir göstərdiyini ehtimal edirlər. Mütəxəssislər həddindən artıq işlənmiş qidalar, spirt istehlakı, az fiziki aktivlik və hava çirkliliyinin xərçəng riskini artıran əsas amillər ola biləcəyini bildirirlər.

Artıq çəki ilə bağlı 13, spirt istehlakı ilə bağlı isə 7 fərqli xərçəng növü müəyyən edilib. Tədqiqatçılar, həmçinin müasir nəslin əvvəlkilərlə müqayisədə daha az fiziki aktiv olduğunu və daha çox işlənmiş qidalara üstünlük verdiyini vurğulayırlar. Onlar bu tendensiyaya qarşı mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini qeyd edirlər. A.Kamal diqqətə çatdırır ki, insanlar artıq ürək xəstəlikləri, diabet və yüksək qan təzyiqi riskini azaltmaq üçün sağlam qidalanma və aktiv həyat tərzinin vacibliyini anlayırlar. Onun sözlərinə görə, indi əsas məqsəd xərçəngin də bu amillərlə əlaqəli olduğu barədə maarifləndirməni artırmaqdır. Bu araşdırma xərçəngin qarşısının alınması və erkən diaqnostika strategiyalarının yenidən nəzərdən keçirilməsinin vacibliyini bir daha vurğulayır.

Chosen
1
7
azertag.az

10Sources