EN

Yazarlarımız niyə ölkədən kənarda tanınmır? - SORĞU

Yazıçlarımız ölkə sərhədinin hüdudlarından kənarda tanınmır. Bu məsələ ilə bağlı təzadlı fikirlər var. Bəziləri hesab dir ki, onları dünyaya biz özümüz təqdim edə bilmirik. Bir qism isə yerli müəllif və yazarlarımızın əsərlərinin dünya ictimaiyyətində o qədər də diqqət cəlb edə bilməyəcəyini düşünür.

Bəs, yazarlarımızın ölkədən kənarda tanınmasına nə mane olur? Bu istiqamətdə atılması zəruri addımlar nələrdir? Bu sahədə məsuliyyət kimin üzərindədir?

Bizim.Media elə bu mövzu ətrafında yerli yazarlarımızla söhbət aparıb.

Tanınmış nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin fikrincə, yazıçı gərək öz ölkəsində populyar olsun, yalnız o zaman başqa ölkələrdə də o yazıçıya maraq artar:

 “Mən dəfələrlə deyirəm, bizim geniş auditoriyamız olmalıdır.Yəni, dil məsələsi burda geniş olmalıdır. Daxildən kənara çıxış isə təbii ki, böyük bir proqrama əsaslanır. Bu proqram təkcə hansısa bir dillə, yaxşı bir  yazıçının əsərinin tərcüməsi ilə bitmir. Birincisi, xarici ölkələrdə təqdimat yaxşı olmalıdır. Populyar jurnallarda, qəzetlərdə həmin yazıçının tanıdılması, onun yazdığı əsər barədə təqdimatların getməsi, bunların hamısı vəsait tələb edir. Deyə bilmərik ki, belə yazıçılarımız yoxdur. Var, amma, çox azdır.

Onu da qeyd edim ki, mənim həm daxildə, həm də, xaricdə ədəbiyyat barədə fikrlərim heç də nikbin deyil. Bəlkə də, yazıçılar hansısa bir alternativ variant düşünüb tapacaqlar”.

Yazıçı Aqşin Yenisey hesab edir ki, Azərbaycan yazıçısını öncə öz ölkəsinə çıxarmaq lazımdır, dünyaya çıxarmaq sonrakı məsələdir:

“Birincisi, bizim ölkədə mədəniyyət aləmində hələ Sovet imperiyası dağılmayıb. Mədəniyyət ideoloji hadisə olaraq qəbul və təbliğ olunur. Mədəniyyəti satmaq ayıb sayılır. Mədəniyyət milli irsi qorumaq öhdəliyi olan təşkilati, inzibati bir anlayışdır. Ona görə də bizdə mədəniyyət menecmenti deyilən adamlar yoxdur. Mədəniyyətimiz hələ də büdcə parazitidir. Hərəm xislətlidir. Onu kimsə saxlamalıdır, ya dövlət, ya xalq.

Dünya bazarı dediyimiz ölkələrdə əsrlərdir ki, sənət adamı bir sahibkardır. İstehsal edir, bazarını formalaşdırır və satır. Dünyanın heç bir yazıçısı, alimi yalnız öz istedadına, savadına görə dünyaya çıxmayıb. Onları dünyaya çıxışı olan mexanizmlər çıxarıblar. Biz tutaq ki, Bunini Nobel mükafatı alandan sonra tanıyırıq, amma ona Nobel mükafatı qazandıran Nobel ailəsi ilə əlaqələrindən xəbərimiz olmur. Əlimizdə yeganə fərziyə Buninin istedadı olur. Azərbaycan yazıçısını heç öz ölkəsində də sata bilən naşirlər yoxdur. Onlar da dünya bazarına çıxarılmış hazır müəllifləri tərcümə edib satırlar. Yəni Azərbaycan yazıçısını öncə öz ölkəsinə çıxarmaq lazımdır, dünyaya çıxarmaq sonrakı məsələdir.”

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi isə əksinə əbədi dairələrdə bizim tanınan şairlərimizin və yazıçılarımız çox olduğunu vurğulayıb:

“O ki, qaldı kütləvi tanınmaya, bu hal ancaq kitab bazarı vasitəsilə baş verə bilir. Kitab bazarının da öz qayda-qanunu var. Oranın kütləvi oxucusunun özünün istədiyi  materiallar var ki, bəzən orda siyasi konyukturanın da rolu var. Yəni, heç də həmişə Avropanın, Amerikanın və digər ölkələrin istədiyi kimi yazmaq, yaxşı yazmaq demək deyil.

Bəzən elə mövzular ön plana çıxarılır ki, bədii dəyəri belə yoxdur. Bir sözlə kiçik ölkələrin dünyaya çıxmağının qarşısında böyük sədlər var. Süni yaradılan sədlərdir, onu aşmaq da çox çətindir. Amma müəyyən fərdlər aşa bilir o sədləri. Onu da qeyd edim ki, məhdud ədəbi dairələrdə bizim tanınan yazarlarımız çoxdur”.

Aygün Hüseyn, Bizim.Media

Chosen
1
50
bizim.media

10Sources