Bəzən insanlar öskürəndə, yaxud qızdırması qalxanda həkimdən əvvəl özlərinə “diaqnoz” qoyurlar: “Sətəlcəm olmuşam”. Və heç həkimə də müraciət etmədən ordan-burdan eşitdikləri ücullarla səltəcəmi (pnevmoniya) “müalicə” etməyə çalışırlar. Bu isə əksər hallarda mənfi fəsadlara yol açır.
Bəs pnevmoniya nədir? Hansı hallarda ölümcül hala çevrilir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, pnevmoniya ağciyərlərdə yaranan bakterial, virus və ya göbələk mənşəli iltihab prosesidir. Pnevmoniyanı digər xəstəliklərdən ayıran əsas cəhətlərdən biri də, daha kəskin xəstəlik hesab olunmasıdır. Pnevmoniya həm yüngül, həm də ağır formalarda özünü göstərə bilər və hər yaş qrupuna təsir edə bilər. Xüsusilə, yaşlı insanlar, uşaqlar və immuniteti zəif olan şəxslər daha çox risk altındadır:
"Öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı, təngənəfəslik, yüksək temperatur, tərləmə kimi əlamətlər pnevmoniya sayılır. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar - siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir".
Müsahibimiz pnevmoniyaya yoluxmamağın yollarından da bəhs edib:
"Qapalı məkanlardan qaçıb açıq havada daha çox vaxt keçirmək, getdiyimiz hər məkanda gigiyenaya diqqət yetirmək, öskürən, asqıran insanlarla məsafə saxlamaq, maskadan istifadə etmək, spirtli içkini tərgitmək, siqaret çəkməmək yaxud mümkün mərtəbə siqaret çəkməyi azaltmaq, hava şəraitinə uyğun geyinmək, bol vitamin qəbul etmək, meyvə-tərəvəzlərlə qidalanmaq pnevmoniya xəstəliyinə yoluxma ehtimalını kəskin şəkildə azaldır".
Günay Lətifova: Bəzən insanlar ən ağır formaya gəlib çatmasalar həkimə müraciət etmirlər
Həkim bildirib ki, kəskin pnevmoniya ağırlaşarsa, zamanında müalicə olunmazsa, artıq bu xəstəlik ölümcül hala çevrilə bilər:
"Pnevmoniyaya vaxtında diaqnoz qoyulub, düzgün müalicə aparılmazsa, ağırlaşmalar inkişaf edə bilər ki, bu da həyati təhlükəlidir. Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq, kompleks olaraq aparılmalıdır”.
“Həkim olaraq hər zaman tövsiyə edirik ki, insanlar özlərində hər hansı narahatlığı hiss edən kimi həkimə müraciət etsinlər. Əfsuslar olsun ki, bəzən insanlar ən ağır formaya gəlib çatmasalar həkimə müraciət etmirlər", - deyə Günay Lətifova əlavə edib.
Nuriyyə Musayeva